AZ

İki qardaş ölkənin musiqi bağlılığı

Azərbaycan və Türkiyə qardaşlığı artıq tarixin köklərinə söykənir. 

İllər, əsrlər boyu davam edən qardaşlıq bu gün nəinki siyasi sferada həmçinin mədəniyyət və incəsənət sahəsində də özünü göstərir. Qardaş ölkədə səslənən musiqilər Azərbaycanda qısa müddət ərzində yayılır və məşhurlaşır.

1990-2000-ci illərdən etibarən hər kəsin sevərək dinlədiyi Sibel Can, İbrahim Tatlısəs, Ebru Gündəş, Müslüm Gürsəs kimi şöhrətli müğənnilərin nəinki musiqisi hətta bir zamanlar şəkillərindən hazırlanan kiçik stikerləri xatirə dəftərlərinin bəzəyinə çevrilib. Bu bizim türk musiqisinə və müğənnilərinə olan sevgimizin bariz nümunəsi ola bilər. 

Türkiyədə məşhur olan mahnıların Azərbaycanda populyar olma səbəbi isə bir tərəfdən musiqi duyumumuzun güclü olması ilə bağlıdır, axı Azərbaycan mədəniyyət beşiyidir. Təsadüfi deyil ki, Bakıda konsert salonlarında olan yüzlərlə insanım türk sənətçilərlə bir ağızdan mahnı oxuması da canlı bağlılığın özüdür. 

Eləcə də qonşu ölkədə də bizim mahnılar sevilir, məsələn 19 May Türkiyənin İğdır vilayətində keçirilən tədbirlərdə vilayət valisi Fırat Taşolar bizim mahnı ilə rəqs edib. Görünən odur ki, milli musiqilərimiz və mahnılarımız da qardaş ölkədə olduqca çox sevilir. "Sarı gəlin", "Qarabağ", "Küçələrə su səpmişəm", "Ala gözlüm" və digər saymaqla bitməyən mahnılarımız dillər əzbərinə çevrilib. 

Ənənənin davamı olaraq muğamlarımızı da çox sevirlər. Mənəvi ruhumuzun emosiyası da, qəlbi də sanki eyni döyünür. Türkiyəli sənətçilərin dilində ortaq bir həqiqət var: "Azərbaycan musiqisi insanı sadəcə əyləndirmir, onun ruhunu qidalandırır, savadlandırır və dərindən təsir edir".

Sezen Aksu, Tarkan, Funda Arar və digər nəhəng ulduzlar müsahibələrində tez-tez Azərbaycan dinləyicisinin musiqi savadının çox yüksək olduğunu vurğulayırlar. 

Tarixçi, aim İlbər Ortaylı Azərbaycan musiqisi haqqında deyib: 
"Orada nələr var... Allah bitməz, müəllim, təhsil görürlər, təhsil". O, bu sözləri söyləyərək Azərbaycan ifaçılıq məktəbinin peşəkarlığına heyranlığını ifadə etmişdi. Alim, Rəşid Behbudov və Müslüm Maqomayev kimi sənətkarların adını da xüsusi qeyd edib. Həmçinin, Üzeyir Hacıbəyli yaradıcılığını də yüksək qiymətləndirdiyini bildirib. 

Musiqi bağlılığının bu qədər geniş formada sevilməsinin kökündə isə sadecə dil bənzərliyi deyil, duyğu və hisslərin bütünləşməsi dayanır. İki qardaş ölkənin milli-mədəni ruhu mənəvi körpünün nə qədər möhkəm olduğunu göstərir. "Bir millət, iki dövlət" şüarı burada da öz doğruluğunu bir daha tapmış olur. 

Arzu İbrəhimova

Seçilən
6
hit.az

1Mənbələr