Tacikistan Respublikasının Prezidenti yanında İnnovasiya və Rəqəmsal Texnologiyalar Agentliyinin direktor müavini “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.
Görüş zamanı "ASAN xidmət" təcrübəsinin Tacikistan tərəfi ilə paylaşılmasına dair müzakirələr aparılıb.
Tacikistan Respublikasının Prezidenti yanında İnnovasiya və Rəqəmsal Texnologiyalar Agentliyinin direktor müavini “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN Xidmətin və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.