BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda “Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə” mövzusunda birgə sessiya keçirilir.
AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGIC), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (SCUPA) birgə təşkil etdiyi tədbirdə qlobal mənzil siyasəti üzrə çağırışlar və həll yolları müzakirə olunur.
Sessiyanın əsas mövzusu beynəlxalq öhdəliklərin, xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG), o cümlədən SDG 11 – dayanıqlı şəhərlər və icmalar üzrə hədəflərin və Yeni Şəhər Gündəliyinin yerli səviyyədə daha effektiv icrasına nail olunmasıdır.
Tədbirin moderatoru UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər Beynəlxalq Koalisiyasının sədri, Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti Benedetto Zacchiroli tədbir iştirakçılarını təqdim edib. Paneldə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 üzrə milli koordinator Anar Quliyev, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen Ivanić, Böyük Britaniya Lordlar Palatasının üzvü, Birlik Təşkilatının sabiq baş katibi Patricia Scotland və Kuala-Lumpurun sabiq meri, UN-Habitat-ın sabiq icraçı direktoru Maimunah Mohd Sharif iştirak edir.