Rusiya tərəfi Ermənistandan rəsmi bildiriş alıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın AİB iclasında iştirak edə bilməyəcək. Lakin problem onun iştirak etməməsi deyil, bunun bir vərdişə çevrilməsidir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın Paşinyanın sammitdə iştirak etməkdən imtina etməsini necə qəbul etməsi və Ermənistanın daha da "avropalaşması" halında əlaqələrin davam etdirilməsinin mümkün olub-olmaması ilə bağlı suala cavab verərkən bildirib.
Zaxarova deyib ki, üzv dövlətlərin (təkcə Ermənistan deyil, həm də digər ölkələrin) nümayəndələrinin bu və ya digər səbəbdən AİB orqanlarının işində iştirak etmədiyi hallar əvvəllər də baş verib.
"Bu, arzuolunmazdır, onların can atdığı şey deyil, amma baş verir". Lakin onun sözlərinə görə, problem ondadır ki, Paşinyanın AİB ilə bağlı mövqeyi artıq sistemli xarakter alır.
Diplomat onu da bildirib ki, Paşinyanın AİB sammitində iştirak etməməsi ittifaqın özü üçün faciə deyil.
"Birliyin özü üçün heç bir faciə yoxdur. Məsələ Ermənistanın öz daxilindədir", - deyə o qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, Moskva vəziyyəti Ermənistan hökumətinin Avropayönlü kursunu həyata keçirmək üçün atdığı konkret praktik addımlara və onların Avrasiya İqtisadi Birliyinə təsirinə əsasən qiymətləndirməyə üstünlük verir.
"Biz əvvəldən bildirmişik ki, AİB üzvlüyünü başqa bir inteqrasiya blokunun millətlərarası tənzimləmə mexanizmlərinin tətbiqi ilə birləşdirmək mümkün deyil", - deyə diplomat xatırladıb.
O əlavə edib ki, Rusiya bu məsələni dəfələrlə "hərtərəfli və bütün səviyyələrdə" qaldırıb.
Diplomatın sözlərinə görə, səbəb Aİ strukturlarının "dağıdıcı siyasət" yürütməsi və AİB üzv ölkələrinə qarşı qanunsuz sanksiyalar tətbiq etməsidir. Zaxarova deyib ki, "bu, tamamilə ziddiyyətdir, çünki biz müxtəlif qarşılıqlı fəaliyyət formalarının birləşdirilməsinə qarşı deyilik. Əksinə, biz həmişə demişik ki, müxtəlif sahələrdə əməkdaşlığı üzvi şəkildə birləşdirmək mümkündür. Lakin bu, Qərbi Avropadan birbaşa hücumlar başlayana və iqtisadi sahədə də daxil olmaqla hibrid müharibəyə çevrilənə qədər mümkün idi".
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci ilin may ayında Minskdə keçirilən AİB sammitində distant şəkildə iştirak etmişdi. Bundan əlavə, o, 2023-cü ilin payızında Bişkekdə keçirilən AİB-MDB Hökumətlərarası Şuralarında iştirak etməmişdi. Həmin tədbirlərdə ölkəni Baş nazirin müavini Mqer Qriqoryan təmsil edirdi.
SAMİRƏ