İqtisadçı qeyd edib ki, pensiya və sosial təminat sahəsində digər ölkələrin təcrübələrindən yararlanmaq faydalı olsa da, əsas hədəf tam yerli şəraitə uyğunlaşdırılmış vahid modelin qurulması olmalıdır: “Müxtəlif dövlətlərin qanunvericilik elementlərini lokal mühitə adaptasiya etməyə çalışmaq yox, regionda nümunə ola biləcək, tam sistemləşdirilmiş və dayanıqlı bir model ortaya qoymalıyıq. Eyni zamanda, idarəetmədə kadr dəyişikliklərindən asılı olmayaraq, sistemin təməl prinsipləri sabit qalmalı, qanunvericiliyə edilən hər bir əlavə və dəyişiklik birbaşa vətəndaşın rifahına və maraqlarına xidmət etməlidir". Ekspert vurğulayıb ki, pensiya kapitalı və staj tələbləri tətbiq edilərkən ölkədəki real əmək bazarının imkanları və daxili məşğulluq səviyyəsi mütləq nəzərə alınmalıdır: “Əgər vətəndaşdan gələcəkdə pensiya təminatı üçün kapital tələb olunursa, ilk növbədə onun bu vəsaiti toplaya bilməsi üçün yetərli iş yerlərinin yaradılması prosesi sürətlənməlidir. Əks halda, rəsmi iş imkanı tapmaqda çətinlik çəkən vətəndaş gələcəkdə sosial müdafiədən kənarda qala bilər. Sosial təminat və gələcəyə olan sosial inam birbaşa miqrasiya proseslərinə təsir edir. Gənclərin və aktiv işçi qüvvəsinin ölkədə qalmasını stimullaşdırmaq üçün uzunmüddətli sosial zəmanətlər gücləndirilməlidir. Bu, həm də gələcəkdə yaşlanma tempinin qarşısını almaq, doğum səviyyəsini sabit saxlamaq və dövlət büdcəsinin sosial xərclərinin optimallaşdırılması üçün vacibdir". Rusiyadakı modelin ölkəmizdə tətbiqi ehtimalını dəyərləndirən iqtisadçı, vəsaitlərin tam şəkildə birdəfəlik verilməsinin maliyyə və idarəetmə baxımından mürəkkəb olduğunu diqqətə çatdırıb: “Azərbaycanda gələcəkdə pensiya vəsaitinin birdəfəlik ödənilməsi mexanizminə keçidə baxılarsa, burada vəsaitin tamamının deyil, müəyyən bir hissəsinin – maksimum 30-50%-nin birdəfəlik verilməsi daha real və kompromis variant kimi nəzərdən keçirilə bilər",- deyə Günay Hüseynova qeyd edib.