Almaniya hökuməti Avropanın aparıcı müdafiə sənayesi şirkətlərindən olan KNDS-də pay sahibi olmağı qərara alıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, federal hökumət yaxın müddətdə həyata keçirilməsi planlaşdırılan birja çıxışı çərçivəsində şirkətin 40 faizinə sahib olacaq. Bu payın növbəti illərdə 30 faizədək endirilməsi planlaşdırılır. Eyni zamanda, Fransa tərəfinin də şirkətdə iştirak payını mərhələli şəkildə azaltması nəzərdə tutulur.
Razılaşmaya əsasən, Almaniya və Fransa arasında pay bölgüsü dəyişsə də, səsvermə hüquqları bərabər qalacaq. Bu isə o deməkdir ki, iş yerləri, istehsal mərkəzləri və strateji istiqamətlər kimi vacib qərarlar yalnız iki dövlətin razılığı ilə qəbul edilə biləcək.
KNDS Almaniya və Fransanın birgə müdafiə sənayesi layihəsi kimi fəaliyyət göstərir və “Leopard 2” döyüş tankı da daxil olmaqla bir sıra müasir silah sistemlərinin istehsalçısıdır. Şirkətin məhsulları arasında, həmçinin “Boxer” tipli zirehli texnikalar yer alır.
Şirkət Almaniyanın “Krauss-Maffei Wegmann” və Fransanın dövlətə məxsus “Nexter” şirkətlərinin birləşməsi nəticəsində formalaşıb. Hazırda KNDS Almaniyadan olan ailə səhmdarları və Fransa dövləti tərəfindən idarə edilir. Planlaşdırılan birja çıxışı ilə bu səhmdarların bazardan mərhələli şəkildə ayrılması gözlənilir.