Son illərdə autizm haqqında məlumatlılıq artsa da, cəmiyyətdə bu mövzu ilə bağlı yanlış düşüncələr hələ də qalmaqdadır. Mütəxəssislər bildirirlər ki, bu cür yanaşmalar bəzən valideynlərin əsassız narahatlıq yaşamasına, bəzən isə uşaqların vaxtında düzgün dəstək almasının gecikməsinə səbəb olur.
Mövzu ilə bağlı psixoloq Leyla Əli Editor.az-a açıqlamasında autizmlə əlaqəli ən çox rast gəlinən yanlış fikirlərə aydınlıq gətirib:
“Cəmiyyətdə ən çox yayılan yanlış fikirlərdən biri autizmli uşaqların göz təması qurmaması ilə bağlıdır. Halbuki autizm spektrində olan bəzi uşaqlar göz təması qura bilir, bəziləri isə bu mövzuda çətinlik yaşayır. Yalnız bir davranışa əsaslanaraq nəticə çıxarmaq düzgün deyil. Autizmin pis tərbiyə və ya valideyn davranışı ilə əlaqələndirilməsi də tamamilə yanlışdır.
Autizm valideynlərin münasibəti və ya tərbiyə üsulu nəticəsində yaranmır. Bu, neyroinkişaf fərqliliyidir. Belə düşüncələr ailələrdə əsassız günahkarlıq hissi yaradır”.
Psixoloq qeyd edib ki, danışan uşaqlarda autizm ehtimalını istisna etmək də doğru yanaşma deyil:
“Bir çox insan düşünür ki, əgər uşaq danışırsa, deməli autizm ola bilməz. Halbuki bəzi autizmli uşaqların nitqi yaxşı inkişaf edir, geniş söz ehtiyatına sahib olurlar. Çətinlik daha çox sosial ünsiyyət və emosional qarşılıqlı əlaqədə özünü göstərə bilər. Autizm zamanla “keçib gedən” vəziyyət deyil. Autizm ömürboyu davam edən neyroinkişaf xüsusiyyətidir. Lakin erkən diaqnostika və düzgün dəstək uşağın inkişafına çox müsbət təsir göstərə bilər. Erkən müdaxilə uşağın potensialını daha rahat ortaya çıxarmağa kömək edir”.
Psixoloq bütün autizmli uşaqların eyni olmadığını da diqqətə çatdırıb:
“Autizm bir spektrdir. Hər uşağın xüsusiyyətləri, ehtiyacları və inkişaf yolu fərqlidir. Bəzi uşaqlar sosial mühitdə daha aktiv görünə bilər, digərləri isə daha sakit və qapanıq ola bilər”.
Sonda Leyla Əli valideynlərə uşaqların davranışındakı fərqlilikləri erkən müşahidə etməyin vacibliyini xatırladıb:
“Əsas məqsəd uşaqları bir-biri ilə müqayisə etmək deyil, onları anlamağa çalışmaqdır. Vaxtında göstərilən düzgün dəstək uşağın gələcək inkişafında mühüm rol oynayır”.
//Gülnarə Abasova, Editor.az