AZ

Prezident Administrasiyasında Mütəllim Rəhimovla görüş keçirildi

21 may tarixində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Ədalət Partiyasının sədri Mütəllim Rəhimov arasında görüş keçirilib. 

QHT.az Cebheinfo.az- a istinadən xəbər verir ki, görüşdə ölkədə baş verən siyasi proseslər, Ədalət Partiyasının fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb.

Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu dövlət siyasəti, daxili və xarici siyasətdə qazanılan böyük uğurlar yüksək dəyərləndirilib, ölkədə aparılan iqtidar-müxalifət siyasi dialoqu, siyasi institutların cəmiyyətin inkişafında rolunun artırılmasının önəmi, siyasi plüralizmin daha da dərinləşdirilməsi məsələləri müzakirə edilib.

Sədr M.Rəhimov böyük siyasi iradənin təzahürü olan yeni siyasi konfiqurasiyanın partiyaların cəmiyyətdə nüfuzunun daha da yüksəlməsinə olduqca müsbət təsir etməsi, eyni zamanda bunun partiyalar arasında faydalı kommunikasiyanın qurulması baxımından çox əhəmiyyətli olması barədə fikir söyləyib.

Eləcə də “Siyasi partiyalar haqqında” yeni Qanunun tətbiqindən sonra partiyaların inkişafı və fəaliyyətlərini davamlı şəkildə həyata keçirməsi, dövlət büdcəsindən maliyyə vəsaiti əldə etməsi, ofislə təmin olunması və başqa bu kimi məsələlərin ölkədə demokratiyanın, çoxpartiyalı sistemin formallaşmasına töhfələr verdiyi vurğulanıb.

M.Rəhimov rəhbərlik etdiyi Ədalət Partiyası tərəfindən həyata keçirilən layihələr, ictimaiyyətlə əlaqələr istiqamətində tətbiqi nəzərdə tutulan yeniliklər barədə geniş məlumat verib, Partiya üçün dövlətçilik mövqeyinin və milli maraqların müdafiə olunmasının hər zaman prioritet olacağını bildirib.

Görüş əsnasında Azərbaycanın regional və beynəlxalq mövqeyinin güclənməsində Vətən müharibəsində qazanılmış qələbənin önəmi xüsusi vurğulanıb, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən böyükmiqyaslı işlərin və keçmiş məcburi köçkünlərin qayıdışının dövlətin gücünün göstəricisi olduğu qeyd edilib.

Görüşdə həmçinin Ədalət Partiyasının sabiq sədri İlyas İsmayılovun xatirəsi yad edilib, onun müstəqillik dövründən əvvəl və müasir Azərbaycanda siyasi fəaliyyəti vurğulanıb.

Sonda Prezident Administrasiyasının rəsmisi  Ədalət Partiyası tərəfindən həyata keçirilən layihələrin, Partiyanın dövlətçilik mövqeyinin siyasi dialoq prosesinə töhfə verdiyini bildirib və Partiyanın işinə uğurlar arzulayıb.

Seçilən
1
10
qht.az

10Mənbələr