AZ

Abituriyentlərə şad xəbər: Qəbul imtahanı rahat OLACAQ

"İmtahanın çətin tərəfi ondan ibarətdir ki, səhv cavablar düzgün cavablara təsir edir. Hətta bir səhv cavab belə müəyyən qədər düzgün cavabın nəticəsinə mənfi təsir göstərir. Buna görə də abituriyentlər daha diqqətli olmalı, imtahana strateji yanaşmalıdırlar".

AzEdu.az-a bu sözləri təhsil eksperti Elçin Əfəndi söyləyib. 

O, qeyd edib ki, 57 minə yaxın şəxsin imtahanda iştirakı iki növbə üzrə kifayət qədər rəqabətli mühitin formalaşması deməkdir:

" 24 may tarixində 2-ci və 3-cü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin I cəhdi qəbul imtahanı keçiriləcək. Bu mərhələdə həm 2-ci, həm də 3-cü qrup üzrə ümumilikdə 57 minə yaxın abituriyent iştirak edəcək. 

Təbii ki, bu qədər şəxsin imtahanda iştirakı iki növbə üzrə kifayət qədər rəqabətli mühitin formalaşması deməkdir. İmtahan prosesinin birinci mərhələsi ilə bağlı müəyyən fikirlər səsləndirilirdi ki, imtahan bir qədər çətin olub. Lakin nəticələr elan olunduqdan sonra məlum oldu ki, yüksək bal toplayan abituriyentlərin sayı kifayət qədər çoxdur. Eyni zamanda, 200 baldan yuxarı nəticə göstərənlərin sayı da az deyil. Ümumilikdə nəticələrin gözlənilən səviyyəyə yaxın olduğunu demək olar".

Kifayət qədər hazırlaşan abituriyentlər üçün 24 may tarixində keçiriləcək imtahan sualların cavablandırılması baxımından əlverişli olacaq:

"Qəbul imtahanında sualların səviyyəsinə gəldikdə isə, təbii ki, daha hazırlıqlı abituriyentlər üçün bu mərhələni yazmaq daha asan olacaq. Çünki 90 sualdan 66-sı qapalı tipli, qalan 24 sual isə  yazılı cavab tələb edən suallardır. Abituriyentlər qapalı tipli suallara daha çox öyrəşdikləri üçün bu hissə onlar üçün nisbətən rahat olacaq.

Sadəcə, imtahanın çətin tərəfi ondan ibarətdir ki, səhv cavablar düzgün cavablara təsir edir. Hətta bir səhv cavab belə müəyyən qədər düzgün cavabın nəticəsinə mənfi təsir göstərir. Buna görə də abituriyentlər daha diqqətli olmalı, imtahana strateji yanaşmalıdırlar.

Düşünürəm ki, kifayət qədər hazırlaşan abituriyentlər üçün 24 may tarixində keçiriləcək imtahan sualların cavablandırılması baxımından əlverişli olacaq. Amma hansısa abituriyent üçün imtahan çətin keçsə belə, bu, ciddi problem hesab olunmamalıdır. Çünki iyul ayında keçiriləcək növbəti imtahanda iştirak etmək üçün ikinci şans veriləcək. Həmin müddətə qədər zəif olduqları mövzular üzərində daha yaxşı çalışmaqla onlar ikinci cəhddə daha uğurlu nəticə əldə edə bilərlər".

Seçilən
36
azedu.az

1Mənbələr