AZ

Kanak məsələsi beynəlxalq müstəviyə çıxır-Bakıdan dəstək mesajı  

"Müxtəlif regionlarda gedən proseslərə qarışan Fransa paralel olaraq yeni dünya nizamının qurulması mərhələsində də öz müstəmləkə siyasətini davam etdirir. Xalqların azadlığı, öz müqəddəratını təyin etmə mübarizəsi, demokratiya olmaqla, bunların heç biri Paris üçün önəmli deyil. Rəsmi Paris yerli xalqların səsini boğaraq, öz maraqlarını təmin etmək istiqamətində tarix boyu seçmiş olduğu dəst-xətti, tətbiq etdiyi üsul və metodları indi də davam etdirir".

Bu fikirləri Musavat.com-da Milli Məclisin üzvü Azər Badamov səsləndirib. O qeyd edib ki, Fransanın atdığı addımlar Numea sazişinin prinsiplərinə tamamilə ziddir: "Kanak insan hüquqları müdafiəçilərini və müstəqillik tərəfdarı fəallarını Fransa Avropa ərazisindəki həbsxanalara aparır. Həmin bu insanların taleyi ilə bağlı heç bir informasiya verilmir. Fransa qeyri-rəsmi əməllərini rəsmiləşdirir. Belə ki, adaya kənardan köçürülən insanlar hesabına demoqrafik balansı dəyişir. Beynəlxalq hüququn norma və prinsipləri Fransa üçün kağız parçasından bir şey deyil. Bu baxımdan Yeni Kaledoniya ilə bağlı istənilən siyasi və inzibati dəyişikliyin yerli xalqın razılığı olmadan həyata keçirilməsi son dərəcə yanlış addımdır. Kanak xalqının milli kimliyi tanınmalıdır. Atılan bütün addımlar məhz bu milli kimlik üzərində qurulmalıdır. Yerli xalq öz siyasi gələcəyini təzyiqdən, müdaxilədən, güc tətbiqindən uzaq və müstəqil formada müəyyən etməlidir. Təəssüflər olsun ki, Fransa onların səsini boğmaq üçün güc tətbiqinə də əl atır. 2024-cü ilin may ayında da biz eyni güc tətbiqinin şahidi idik. Təəssüflər olsun ki, həmin bu proseslərlə bağlı bu günə qədər də şəffaf araşdırılma aparılmayıb. Fransanın əsas məqsədi ondan ibarətdir ki, kanak xalqının gələcəyini Parisdə gizli formada həll etsin. Bu isə təbii ki, yolverilməzdir. Həmin bu müqəddərat kanak xalqının iştirakı ilə həyata keçirilməlidir, məkan isə Paris olmamalıdır".

Azər

Deputatın sözlərinə görə, kanak xalqı oyanıb, fəallar beynəlxalq ictimaiyyətə açıqlamalar verərək Fransanın uzun illər ərzində Yeni Kaledoniyada həyata keçirdiyi neokolonial siyasəti ifşa edirlər:

"Bu istiqamətdə beynəlxalq dəstək də mövcuddur. Digər amil ondan ibarətdir ki, Fransa bütün narazılıqlara baxmayaraq həm törətmiş olduğu əməlləri ört-basdır edir, həm də bağlanmış məsələ kimi təqdim edir. Bu gün Yeni Kaledoniya Fransanın yürütdüyü müstəmləkəçi siyasətin nəticəsi olaraq ağır iqtisadi böhranla üz-üzə qalıb. Heç bir halda bu məsələ Fransanın daxili işi deyil və kanak xalqı mübarizəsində sona qədər əzmkarlıq nümayiş etdirilməlidir. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olan bir mübarizədir, həm də ədalət axtarışıdır. Təbii ki, bu axtarışda beynəlxalq birlik kanak xalqına dəstək göstərməlidir".

Müsahibimiz onu da diqqətə çatdırdı ki, Azərbaycan yürütmüş olduğu siyasətlə dünyanın istənilən nöqtəsində tətbiq edilən ədalətsizliyə qarşı çıxır. Bu baxımdan da Azərbaycan və xüsusilə də Bakı Təşəbbüs Qrupunun fəaliyyəti təqdirəlayiqdir.

"Müstəmləkəçilikdən əziyyət çəkən xalqlara rəsmi Bakının dəstəyi var. Bu dəstək çox yüksək qiymətləndirilir, çünki bu sadəcə siyasi olmayıb, həm də mənəvi dəstək deməkdir. Bu gün Bakı sadəcə beynəlxalq tədbirlərin keçirildiyi bir məkan və yaxud da diplomatik platforma deyil. Bu gün Bakı həm də müstəmləkəçilik əleyhinə qlobal həmrəyliyin mühüm mərkəzlərindən biri, habelə ədalət məfhumunun axtarıldığı, ən əsası isə tapıldığı məkandır".

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr