Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Şəhər strateji sistem kimi" mövzusunda panel müzakirəsi baş tutub. Tədbir Baku Network Tədqiqat və Təhlil İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunub.
Day.Az Trend-ə istinadən xəbər verir ki, sessiya zamanı iştirakçılar hibrid təhdidlər dövründə dayanıqlılığın təmin edilməsinin yeni arxitekturasını müzakirə ediblər.
Panel Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin pavilyonunda təşkil olunub.
Tədbir çərçivəsində Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, Baku Network Tədqiqat və Təhlil İctimai Birliyinin rəhbəri Elçin Alıoğlu və Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, Baku Network Tədqiqat və Təhlil İctimai Birliyinin layihələr üzrə direktoru Sahil Kərimli çıxış ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Sahil Kərimli qeyd edib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) peşəkarlığı, yüksək təşkilatçılığı və qonaqpərvərliyi ilə seçilən genişmiqyaslı beynəlxalq tədbirdir.
"Bu gün belə bir beynəlxalq tədbirin ölkəmizdə keçirilməsini qürur hissi ilə vurğulayırıq. Xüsusilə rekord sayda qonağın iştirakını qeyd etmək lazımdır. Qeyri-hökumət təşkilatları da bu tədbirə böyük töhfə verir", - deyə o bildirib.
Tədbirdə çıxış edən Elçin Alıoğlu bildirib ki, müasir şəhərsalma həm tarixi təcrübəni, həm də şəhər mühiti, infrastruktur və ictimai məkanların inkişafına dair yeni yanaşmaları nəzərə almalıdır.
Onun sözlərinə görə, tarix boyu şəhərlərin inkişafı əhalinin sıxlığı, infrastruktur və həyat keyfiyyəti məsələləri ilə sıx bağlı olub.
Alıoğlu müasir şəhərlərdə yaşıl zonaların genişləndirilməsinin vacibliyini də vurğulayıb.
"Yaşıl məkanlar təkcə ekologiya və abadlıq məsələsi deyil. Onlar həyat keyfiyyətinə, sosial mühitə və şəhər məkanının rahatlığına birbaşa təsir göstərir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Bakının 2050-ci ilə qədər uzunmüddətli inkişaf planı çərçivəsində yaşıl zonaların sayının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.
Ekspert qlobal urbanizasiya və demoqrafik dəyişikliklər mövzusuna da toxunub.
"Beynəlxalq araşdırmalara əsasən, yaxın onilliklərdə dünyanın ən böyük şəhərləri əsasən Afrikada cəmləşəcək",- deyə o bildirib.
Çıxış zamanı müxtəlif ölkələrdə şəhər mühitinin xüsusiyyətləri, müasir urbanistika tendensiyaları və dünya təcrübəsinin yerli şəraitə uyğunlaşdırılmasının əhəmiyyəti də müzakirə olunub.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.
Beşinci gün çərçivəsində "Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil", "Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma", "Akademiya", "Uşaqlar və gənclər", "Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm", "Afrika Əlçatan Mənzil Kompaktı - İnvestorlar üçün xüsusi sessiya", "Peşəkarlar", "Vətəndaş cəmiyyəti" və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası", "İqlim və mənzil əlaqəsi", "Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu", "Azərbaycanın mənzil təcrübəsi", "Şəhərlər oyun meydanı kimi", "Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası", "Təmiz hava", "Əlilliyi olan şəxslər", "Parlamentarilər", "Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı" və "Şəhər iqlim irsinin inkişafı" mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin "SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi"nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.