AZ

XRİTDX WUF13-də dayanıqlı şəhərlərin inkişafındakı rolunu nümayiş etdirir - FOTOLAR

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) xüsusi stendlə təmsil olunur.

"Unikal" xəbər verir ki, forum iştirakçıları stenddə ağıllı və rəqəmsallaşan şəhərlərdə kibertəhlükəsizliyin urban dayanıqlılığın təmin edilməsində oynadığı mühüm rolu əks etdirən təqdimatlar və interaktiv simulyasiyalarla tanış olurlar. Nümayiş etdirilən həllər rəqəmsal texnologiyaların şəhər həyatının bütün sahələrinə inteqrasiyası fonunda informasiya sistemlərinin təhlükəsizliyinin strateji əhəmiyyətini ön plana çıxarır.

Stenddə təqdim olunan simulyasiyalar nəqliyyat, rabitə, enerji və digər kritik xidmətlərə yönəlmiş potensial kibertəhdidlərin mümkün təsirlərini əyani şəkildə nümayiş etdirir. Təqdimatlar göstərir ki, rəqəmsal şəhər ekosistemində baş verə biləcək kiberinsidentlər təkcə texniki problem deyil, həm də şəhər xidmətlərinin fasiləsiz fəaliyyətinə, ictimai təhlükəsizliyə, iqtisadi aktivliyə və vətəndaşların rəqəmsal xidmətlərə etimadına təsir göstərə bilən amildir.

Stendlə tanış olan XRİTDX-nin Xidmət rəisinin müavini general-mayor Allahverən İsmayılova burada nümayiş etdirilən ssenari və interaktiv simulyasiyalar barədə ətraflı məlumat verilib. Bildirilib ki, təqdim olunan həllər Xidmətin dövlət informasiya ehtiyatlarının və kritik informasiya infrastrukturunun mühafizəsi sahəsində formalaşmış peşəkar təcrübəsi, kibertəhdidlərin monitorinqi və təhlili nəticəsində əldə edilmiş bilik və yanaşmalar əsasında hazırlanıb. Qeyd olunub ki, simulyasiyalar rəqəmsallaşan şəhərlərdə yarana biləcək potensial riskləri və onların mümkün nəticələrini vizuallaşdırmaqla yanaşı, qabaqlayıcı kibertəhlükəsizlik tədbirlərinin və kiberdavamlılığın təmin edilməsinin əhəmiyyətini nümayiş etdirir.

Eləcə də Allahverən İsmayılova WUF13 Şəbəkə İnfrastrukturunun Nəzarət Mərkəzində XRİTDX tərəfindən təmin edilən xidmətlərin vəziyyəti, şəbəkə infrastrukturunun fasiləsiz monitorinqi, kibertəhlükəsizlik nəzarəti və rəqəmsal xidmətlərin dayanıqlı fəaliyyəti istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

XRİTDX WUF13 platformasında bir daha vurğulayır ki, müasir və rəqəmsallaşan şəhərlərdə dayanıqlılığın əsas şərtlərindən biri kibertəhlükəsizlikdir. Ağıllı şəhərlərin təhlükəsiz və fasiləsiz fəaliyyəti rəqəmsal infrastrukturun etibarlı qorunmasından birbaşa asılıdır.

Seçilən
18
3
unikal.az

4Mənbələr