AZ

AYNA-dan xətlənmə ŞOUSU – Problem yaradan SƏBƏBLƏR – Bakını “hörümçək toru”

Azərbaycan Yol Nəqliyyat Agentliyi (AYNA) Bakıda yeni yol xəttləmə sisteminə başlayıb. Bu addım şəhər nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində vacib bir addım kimi təqdim edilsə də, həyata keçirilmə prosesinin sürəti, məlumatlandırma çatışmazlığı, yolların tam bağlanması və sürücülərin yeni qurallarla tanış olmamağı ciddi sosial narazılıqlara, tıxaclara və bəzən fəsadlara yol açıb. KONKRET.az-ın Analitik Qrupu prosesi bütün aspektlərdən təhlil edir.

Azərbaycan Yol Nəqliyyat Agentliyi (AYNA) 2021-ci ildə yaradılmış dövlət qurumudur. Agentliyin əsas missiyası ölkənin yol infrastrukturunu idarə etmək, müasirləşdirmək və beynəlxalq standartlara uyğunlaşdırmaqdır. Son aylarda AYNA Bakı şəhərinin mərkəzi və magistral yollarında kapsamlı xəttləmə işlərinə başlayıb. Yəni yolların üzərindəki cizgilər, yaya keçidləri, dayanma zonaları, sürət məhdudiyyəti nişanları yenidən çəkilib, bəzi küçələrdə isə hərəkət istiqamətləri dəyişdirilib.

Layihənin rəsmi məqsədi odur ki, yol hərəkəti təhlükəsizliyi artırılsın, nəqliyyat axını optimallaşdırılsın, piyada hərəkətinin mühafizəsi gücləndirilsin, Avropa standartlarına uyğun şəhər nəqliyyat mühiti yaradılsın, Bakı şəhərinin beynəlxalq imici yüksəldilsin. Lakin praktikada bu proseslər ciddi problemlərə yol açıb. Bakı sakinləri, taksi sürücüləri, müəssisə sahibləri və şəhər qonaqları küçə xəttlənməsindən birbaşa mənfi təsirlər yaşadıqlarını bildirirlər.

AYNA-nı iddia etdiyi kimi xətləmə yalnız yol üzərindəki işarələmə sisteminin yenilənməsi prosesi deyil. Bu proses sadəcə cizgilərin rənglənməsindən ibarət deyil; o, eyni zamanda nəqliyyat zolaqlarının yenidən müəyyənləşdirilməsini, xüsusi avtobuslar üçün ayrıca zolaqların yaradılmasını, velosiped zolaqlarının işarələnməsini, dayanma qadağası zonalarının genişləndirilməsini, yaya keçidlərinin yenilənməsini və yeni piyada zonalarının qurulmasını özündə ehtiva edir.

Məlumatlara görə, bu ilin əvvəlindən etibarən Bakı şəhərinin onlarca küçəsində xətləmə işləri aparılıb. Ən çox şikayətin gəldiyi ərazilər arasında Neftçilər prospekti, Hüsü Hacıyev küçəsi, İstiqlaliyyət küçəsi, Rəşid Behbudov küçəsi, Nizami küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Üzeyir Hacıbəyli prospekti, H. Əliyev prospekti, Tbilisi prospekti, Koroğlu küçəsi və digər magistral yollar yer alır. Belə ki, xətləmə işlərinin ən böyük tənqid mövzusu heç şübhəsiz sürücü və piyadalara qabaqcadan kifayət qədər məlumat verilməməsidir. Araşdırmalar göstərir ki, şəhərin böyük bir hissəsinin nəqliyyat vərdiş etdiyi küçələrdə günbəgün dəyişikliklər edilir, yeni zolaqlar çəkilir, keçidlər bağlanır, lakin bunlar barədə effektiv ictimai kommunikasiya aparılmır.

Bununla bağlı əsas problemlər arasında dəyişikliklərdən əvvəl media kampaniyalarının, sosial media elanlarının yetərsizliyidir. Bununla bərabər, yol kənarında keçici məlumat lövhələrinin olmaması, sürücülərin yenilənmiş qaydalarla tanış edilməsi üçün maarifləndirici kampaniyaların aparılmamasıdır. Ən biabırçı tərəfi isə odur ki, yeni xətləmənin qüvvəyə girdiyi tarixə dair rəsmi elanlar yoxdur. Xətləmə işləri bilavasitə bir sıra magistral yollarda tıxacları kəskin şəkildə artırıb. Əvvəllər iki zolaq işlədilən küçələrin bir zolağa salınması nəqliyyat axınını ciddi şəkildə azaldıb. AYNA-nın “təşəbbüsləri” sayəsində inşaat mərhələsindəki yollar qismən bağlanıb ki, bu da alternativ marşrutlarda yükü çoxaldıb. Eləcə də sürücülərin yeni zolaq sisteminə alışmaması sıx saatlarda “yanlış zolaq effekti” yaradıb. Avtobus zolaqlarının artırılması isə şəxsi avtomobillər üçün effektiv yol genişliyini demək olar ki, məhdudlaşdırıb. Belə getsə, Bakıda avtomobil sürmək qeyri-mümkün olacaq. Ancaq təəssüflər olsun ki, ictimai nəqliyyat da bərbad vəziyyətdədir. Hələ bura əlavə edək meteoroloji baxımdan yaz-yay mövsümünün başlamanmasını. Şəhərə turist axınının artması ilə üst-üstə gələn problemlərin miqyası daha da böyüyüb.

Yeni xəttləmə ilə birlikdə bir sıra küçələrdə dayanma qadağası zonaları genişləndirilib. Bu da xüsusilə ticarət müəssisələri, restoranlar, apteklər və digər müştəri xidməti sahəsindəki biznes sahiblərini ciddi narahat edib. Müştərilər artıq bilavasitə mağazaların qarşısında dayana bilmir, uzaq məsafədən gəlmək isə xüsusilə yaşlı vətəndaşlar üçün çətinlik yaradır. Bəzi kanallar və sosial media hesablarında paylaşılan görüntülər xətləmənin keyfiyyəti ilə bağlı da ciddi suallar doğurub. İlk yağış yağandan sonra cizgilərin solğunlaşması, yanlış yerləşdirilmiş xətlər, bəzən isə mövcud nişanlarla ziddiyyətli işarələmə halları göz önündərir. Paradoksal görünsə də, yayaları qorumaq məqsədi daşıdığı iddia edilən bəzi dəyişikliklər əslində piyada hərəkətini çətinləşdirib. Bəzi yaya keçidlərinin yer dəyişdirilməsi insanları uzun məsafə getməyə məcbur edib; yeni trafik işıq dövriyyələri isə bir çox yerdə optimum tənzimlənməyib.

Beynəlxaq təcrübələrlə müqayisəli təhlil

Bakı (AYNA) Tbilisi İstanbul
Öncəliklə məlumatlandırma Zəif Orta Güclü
Pilot zonaların tətbiqi Yox Bəli Bəli
Keçid dövrü tədbirləri Məhdud Kifayət qədər Hərtərəfli
İctimai reaksiya toplanması Əsasən yox Var Sistemli
İcra sürəti Sürətli Orta Mərhələli
Keyfiyyət nəzarəti Davam edir Müntəzəm Yüksək standart

Dünya şəhərlərinin təcrübəsi göstərir ki, uğurlu yol xəttləmə islahatları adətən 3 əsas mərhələdə həyata keçirilir: məlumatlandırma kampaniyası, pilot tətbiq, tam icra. Bakıda bu mərhələlər ya ötürülüb, ya da qısaldılıb. Xətləmə ilə gələn park qadağaları və dəyişən trafik sxemləri şəhərin ticarət mərkəzlərindəki kiçik bizneslərə ciddi zərər vurub. Mərkəzi küçələrdəki mağazaların bir qismi müştəri axınının azaldığını bildirib. Çatdırılma xidmətlərini göstərən kuryer şirkətləri isə yeni marşrut hesablamalarına görə əlavə xərclərə məruz qalıb. Uber, Bolt, Yandex kimi platforma sürücüləri bildiriblər ki, xətləmə dəyişiklikləri onların işlərinə birbaşa mənfi  təsir göstərib. Yeni qaydalar altında sürücülər müştərini gözlənilən yerdə götürə bilmir, uzun dövrə etmək məcburiyyətində qalır. Bu isə həm yanacaq xərclərini artırır, həm də müştəri məmnuniyyətini azaldır. Şəhərimizi ilk dəfə ziyarət edən turistlər üçün vəziyyət daha çaşdırıcı olub. Yeni xəttləmə sistemi ilə tanış olmayan xarici sürücülər, xüsusilə icarəyə avtomobil götürənlər, tıxaclara düşmüş, cərimə ödəmiş, bəzən isə düzgün istiqaməti tapa bilməmişlər. Bu da şəhərin turizm reputasiyasına mənfi təsir göstərir. Sosial mediada, xüsusilə Facebook qruplarında bu mövzuda kifayət qədər diskussiya gedir. Qəzəbli sürücülərin şikayətləri, bir-birini günahlandıran tərəflər arasındakı polemika ictimai gərginliyin əlamətini göstərir. Bu psixoloji narahatlıq uzun müddət davam edən tıxaclarda insanların stresini artırır, sürücülər arasında aqressiv davranışı stimullaşdırır.

Agentlik rəsmiləri isə çoxsaylı müsahibələrində xətləmə işlərinin zəruri olduğunu vurğulayıb. Onların əsas arqumentləri budur ki, Bakı yollarındakı mövcud xətlər köhnəlmişdi, beynəlxalq standartlara uyğun gəlmirdi. Eyni zamanda yol qəzalarının sayını azaltmaq üçün aydın işarələmə sistemi tətbiqi qaçılmazdır. Eləcə də şəhərin sürətlə artan avtomobil sayı nəqliyyat axınının ciddi optimallaşdırılmasını tələb edir. Avtobus zolaqlarının artırılması isə ictimai nəqliyyatın effektivliyini artıracaq. AYNA-nın bu arqumentlərinin özlüyündə əsaslı olduğunu inkar etmək mümkün deyil. Lakin problem siyasətin məzmununda deyil, həyata keçirilmə metodologiyasındadır. AYNA, ümumiyyətlə, əhalinin aktiv şikayət etdiyi nöqtələrdə dərhal trafik axını analizi aparmayıb. Problemli yollarda müvəqqəti trafik nəzarətçiləri yerləşdirilməyib. Qurum öz rəsmi kanallarında (veb-sayt, sosial media) hansı küçələrdə dəyişiklik edildiyinin dəqiq siyahısını yayımlamayıb. Hələ bu azmış kimi Bakı şəhərinin bütövlükdə nəqliyyat master planı ictimai müzakirəyə çıxarılmır. Rəzalət təkcə bununla bitmir. Avtobus zolaqları, velosiped infrastrukturu, piyada zonalarının inteqrasiyası kompleks yanaşmaya əsaslanmır.

AYNA-nın Bakıda başlatdığı xəttləmə kampaniyası mahiyyəti etibarilə düzgün istiqamətdədir. Şəhər yollarının modernləşdirilməsi, nəqliyyat təhlükəsizliyinin artırılması, piyadaların müdafiəsi. Bunlar hər bir inkişaf edən metropolun prioritetləridir. Bakı da bu istiqamətdə irəliləməlidir. Lakin bir islahatın nə qədər doğru hədəflərə xidmət etdiyindən asılı olmayaraq, onun icra metodu eyni dərəcədə əhəmiyyət daşıyır. Bu gün Bakı sakinlərinin yaşadığı narahatlıq, iş adamlarının çəkdiyi zərər, turistlərin qarşılaşdığı çaşqınlıq bunların hamısı daha sistemli planlaşdırma, daha güclü kommunikasiya və daha həssas icra prosesi ilə aradan qaldırıla bilərdi. Dünya şəhərlərinin uğurlu nəqliyyat islahatları bizə bir dərs öyrədir: dəyişiklik əhalinin ondan öyrənilməsi ilə deyil, əhaliyə öyrədilməsi ilə başlamalıdır. AYNA bu dərsdən istifadə etsə, Bakı şəhərinin nəqliyyat infrastrukturu həqiqətən beynəlxalq standartlara çatacaq.

KONKRET.az-ın ANALİTİK QRUPU

Seçilən
18
konkret.az

1Mənbələr