AZ

ADNSU rektoru WUF13-də dayanıqlı inkişaf mövzusunda paneldə çıxış edib - FOTOLAR

Ümumdünya Şəhərsalma Forumu çərçivəsində keçirilən “Su-Ağıllı Şəhərlər: Potensialın İnkişafı Vasitəsilə Şəhər Dayanıqlığının Gücləndirilməsi” mövzusunda ekspert panelində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov universiteti təmsil edib.
 
Moderator.az xəbər verir ki, panel çərçivəsində şəhər dayanıqlığı, su idarəçiliyi, iqlim dəyişikliklərinə adaptasiya, ağıllı şəhər yanaşmaları və bu sahədə insan kapitalının inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub. Rüfət Əzizov çıxışı zamanı ADNSU-nun son illərdə dayanıqlı inkişaf hədəfləri istiqamətində həyata keçirdiyi beynəlxalq proqram və təşəbbüslər barədə məlumat verib.
 
Qeyd olunub ki, ADNSU və Strasburq arasında həyata keçirilən ikili diplom magistratura proqramı su resurslarının idarə olunması sahəsini əhatə edir. Eyni zamanda Böyük Britaniyanın Vorvik Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom magistratura proqramı alternativ enerji resursları istiqamətində ixtisaslaşmış kadr hazırlığını hədəfləyir.
 
Paneldə həmçinin ADNSU-nun “United Arab Emirates University” ilə həyata keçirdiyi 5 tədqiqat layihəsi və Oksford Universiteti ilə əməkdaşlıq çərçivəsində universitetin “Global Climate Challenge” müsabiqəsində iştirakı barədə də məlumat verilib. Bildirilib ki, sözügedən müsabiqəyə dünyanın 70 ölkəsindən 2000-dən çox layihə təqdim olunub.
 
Forum çərçivəsində təşkil olunan beynəlxalq sərgidə ADNSU-nun stendi də növbəti gün ziyarətçilərin böyük marağı ilə qarşılanıb. Müxtəlif ölkələrdən olan qonaqlar, ekspertlər və iştirakçılar universitetin innovasiya ekosistemi, beynəlxalq əməkdaşlıqları və tələbə təşəbbüsləri ilə yaxından tanış olublar.
 
Universitetin stendində ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli, şöbənin baş mütəxəssisi Günel Tağıyeva və tələbə-startapçı İsmayıl Hacıyev ziyarətçiləri qarşılayaraq universitet barədə ətraflı məlumat təqdim ediblər.
 
Sərgidə nümayiş olunan layihələrdən biri ADNSU-nun Biznes Administrasiyası proqramının II kurs tələbəsi İsmayıl Hacıyevin təsis etdiyi “AIRT” (Azerbaijan Intelligent Robotics Technologies) startapıdır. Layihə neft və qaz sənayesində təhlükəli sahələrdə avtonom inspeksiya proseslərinin həyata keçirilməsi üçün robot texnologiyalarının tətbiqini nəzərdə tutur.
 
Forum çərçivəsində təqdim olunan digər layihə isə ADNSU-nun İnformasiya Təhlükəsizliyi fakültəsinin I kurs tələbəsi Arzu Balakişiyevanın müəllifi olduğu “Green Ozone” layihəsidir. Layihə günəş enerjisi ilə işləyən smart ozonator vasitəsilə suyun təmizlənməsini təmin edən innovativ və ekoloji yönümlü həll modeli təqdim edir.
 
Qeyd edək ki, mayın 22-dək davam edəcək Ümumdünya Şəhərsalma Forumu urbanizasiya, dayanıqlı inkişaf, iqlim çağırışları və gələcəyin şəhərləri ilə bağlı beynəlxalq müzakirələr üçün mühüm platforma hesab olunur.
Seçilən
1
2
moderator.az

3Mənbələr