AZ

Rahil Əhmədova bu ölkənin Ədliyyə Nazirliyinin mükafatına layiq görülüb

Yazını böyüt
Yazını kiçilt

Koreyada yaşayan həmvətənimiz Rahil Əhmədova bu ölkənin Ədliyyə Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.

Hafta.az xəbər verir ki, mükafatı Seulda keçirilən 19-cu “Together Day” - “Dünya İnsanları Günü” mərasimində ədliyyə naziri Cunq Sunq-ho təqdim edib.

Uzun müddətdir Cənubi Koreyada yaşayan Rahil Əhmədova multikultural cəmiyyət, miqrantların inteqrasiyası, Koreya ilə xarici ölkələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. O, həmçinin Seul şəhərinin fəxri vətəndaşı, mədəni müxtəliflik üzrə mühazirəçisi və Koreya Ədliyyə Nazirliyində xarici vətəndaşlar üzrə məsləhətçi kimi də fəaliyyət göstərir. Onun Koreyada yaşayan xaricilərin yerli cəmiyyətə inteqrasiyası, mədəniyyətlərarası dialoqun inkişafı və Koreya ilə dünya arasında körpü rolunu oynayan fəaliyyətini Ədliyyə Nazirliyi yüksək qiymətləndirib.

Rahil Ahmadova bu mükafata layiq görülməsinin onun üçün böyük qürur və məsuliyyət olduğunu bildirib:

“18 il əvvəl Koreyaya gəldiyim zaman dil və mədəniyyət mənim üçün yad idi. Bu gün isə Koreya həyatımın mühüm bir hissəsinə və ikinci vətənimə çevrilib. Bu mükafat yalnız mənim deyil, Koreyada yaşayan bütün xaricilərin və müxtəlifliyin dəyərinin tanınmasıdır. Bir azərbaycanlı olaraq ölkəmin adını Koreyada layiqincə təmsil edə bildiyim üçün qürur duyuram”.

Seçilən
0
1
hafta.az

2Mənbələr