AZ

İcraçı direktor: Urbanizasiyanın sürətlənməsi və əhali artımı yeni yanaşmalar tələb edir

Bakı, 21 may, AZƏRTAC

2015-2019-cu illərdə Hindistanda 29,5 milyon ev tikilib və yaxın dövrdə əlavə 3 milyon mənzilin istifadəyə verilməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Hindistanın Milli Mənzil Bankının icraçı direktoru Sanjay Şukla Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Mənzil maliyyələşdirilməsi üçün yeni bir saziş" mövzusunda paneldə deyib.

O bildirib ki, növbəti 5 il ərzində həm şəhər, həm də kənd ərazilərində ümumilikdə 30 milyon yeni evin tikintisi nəzərdə tutulur: “Bu, ölkədə mənzil təminatının yaxşılaşdırılması və sürətlə artan əhali fonunda yaşayış ehtiyaclarının qarşılanması baxımından mühüm addım hesab edilir. Hindistanda mənzil sektorunun inkişafında maliyyə institutlarının rolu xüsusi əhəmiyyət daşıyır. Ölkədə banklarla yanaşı fəaliyyət göstərən 94 ipoteka şirkəti şəhərlərdə ipoteka maliyyələşməsinin genişləndirilməsinə töhfə verir. İpoteka kreditləri vətəndaşlara güzəştli şərtlərlə təqdim olunur ki, bu da xüsusilə orta və aşağı gəlirli ailələrin mənzil əldə etməsini asanlaşdırır”.

"Bununla yanaşı, mənzil probleminin həlli yalnız subsidiyalarla məhdudlaşmamalıdır. Urbanizasiyanın sürətlənməsi, əhali artımı və urbanizasiya yeni yanaşmalar tələb edir. Hindistanda sürətlə artan əhali və urbanizasiya prosesləri ölkə qarşısında genişmiqyaslı vəzifələr qoyur və bu istiqamətdə həyata keçirilən layihələrin uzunmüddətli sosial-iqtisadi təsirinin böyük olacağı gözlənilir", - deyə bankın icraçı direktoru əlavə edib.

Fotoqraf - Azər İbrahimov
Video - Vüsal Taqiyev
Seçilən
52
azertag.az

1Mənbələr