“Mənzil problemini həll edə bilən ölkələr bunu əsasən daxili maliyyə resursları hesabına həyata keçirirlər. Daxili maliyyə sistemini düzgün qurmağı və inkişaf etdirməyi bacarmayan ölkələr isə mənzil məsələsinə lazımi səviyyədə yanaşa bilmirlər”.
SİA xəbər verir ki, bunu Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusundakı tədbirdə UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax deyib.
Onun sözlərinə görə, belə ölkələrdə insanlar kifayət qədər dəstək ala bilmədikləri üçün cəmiyyət daxilində parçalanma yaranır. Bu isə artıq sosial və struktur xarakterli problemə çevrilir. Əgər müəyyən sahələrə vaxtında diqqət yetirilməsə, onların inkişafına nail olmaq mümkün olmayacaq.
İcraçı direktor bildirib ki, humanitar proqramlar hazırlanarkən yalnız qısamüddətli yardım deyil, eyni zamanda sosial kapitalın formalaşdırılması və icmaların gücləndirilməsi də əsas prioritetlərdən biri olmalıdır.”