AZ

3 böyük startapın müəllifi 14 yaşlı Dərya: “Marsda ilk bitkini yetişdirmək istəyirəm” - MÜSAHİBƏ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi AzEdu Təhsil Portalının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Məktəbli startapçılar” layihəsi davam edir.

AzEdu.az xəbər verir ki, layihənin əsas məqsədi paytaxt məktəblərində təhsil alan istedadlı və təşəbbüskar şagirdlərin innovativ ideyalarını ictimaiyyətə təqdim etmək, onların startap fəaliyyətlərini işıqlandırmaq və gənclər arasında sahibkarlıq düşüncəsini təşviq etməkdir.

Layihə çərçivəsində şagirdlər öz ideyalarını, hazırladıqları startap layihələrini və gələcək planlarını geniş auditoriya ilə bölüşmək imkanı əldə edirlər.

Bu dəfə layihənin qonağı Humanitar fənlər təmayüllü liseyin 9-cu sinif şagirdi Dərya Əlizadədir.

14 yaşlı Dərya həkim olmağı hədəfləyir.

D.Əlizadə müsahibəsində “HumanDetector”, “SWB”“Marsian” adlı bir-birindən maraqlı və innovativ layihələri barədə ətraflı məlumat verib.

- Dərya, təqdim etdiyin hər üç layihə kifayət qədər maraqlı səslənir. Bu startapların yaranma məqsədi nədir və hansı problemlərin həllinə yönəlib?

- Hər birimizin bildiyi kimi, il ərzində Yer kürəsində minlərlə zəlzələ baş verir. Təəssüf ki, bu təbii fəlakətlərin dəqiq vaxtını əvvəlcədən müəyyənləşdirmək hələ də tam mümkün deyil. Nəticədə isə minlərlə insan həyatını itirir. Süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə artıq düşünməliyik ki, texnologiya bizi bu kimi təhlükələrdən necə qoruya bilər. Mənim layihəm də məhz bu baxış bucağından yaranıb.

Zəlzələ ilə bağlı olan layihəmə “HumanDetector” adını vermişəm. Bu robotlar zəlzələ zamanı insanlara üç mərhələdə yardım göstərmək üçün nəzərdə tutulub.

183545

Birinci mərhələdə zəlzələ baş verməzdən əvvəl insanlara xəbərdarlıq ediləcək. Eyni zamanda vətəndaşlara belə hallarda necə davranmalı olduqları, hansı təhlükəsizlik qaydalarına əməl etməli olduqları, fövqəladə vəziyyət çantalarında hansı əşyaların yer almasının vacibliyi barədə məlumat veriləcək.

İkinci mərhələdə isə robotların əsas funksiyası dağıntılar altında qalan insanları aşkarlamaq olacaq. Robot dağıntılar üzərində hərəkət edərək istilik və səs analizləri aparacaq, insan səsinə bənzər siqnalları müəyyənləşdirərək həmin şəxslərin koordinatlarını aidiyyəti qurumlara göndərəcək. Bu məlumatlar həm xilasetmə qruplarına, həm də tibb müəssisələrinə ötürülə bilər.

Üçüncü özəlliyi isə, robotun təkcə insanların yerini müəyyən etməklə kifayətlənməməsidir. O, dağıntılar altında qalan insanların və digər canlıların yaşını, həmçinin aldıqları xəsarətlərin səviyyəsini də təhlil edə biləcək.

Digər layihəm isə “SWB” adlı ağıllı tullantı qutusudur. Bu layihə tullantıların idarə olunmasını optimallaşdırmaq və ekoloji dayanıqlılığı artırmaq məqsədi daşıyan texnoloji həll kimi hazırlanıb. Ağıllı tullantı qutusunun üç əsas xüsusiyyəti mövcuddur.

183538

İlk növbədə, bu innovativ tullantı qutuları müasir dövrün ən ciddi problemlərindən biri olan enerji israfının qarşısını almağa kömək edir.

Kosmik resurslardan, yəni “yaşıl enerji” adlandırdığımız alternativ enerji mənbələrindən istifadə edən bu sistem günəş enerjisi ilə fəaliyyət göstərəcək. Günəş şüalarının kifayət qədər olmadığı dövrlərdə isə işlək vəziyyətdə qalması üçün əvvəlcədən topladığı ehtiyat enerjidən istifadə edəcək.

Layihənin ikinci əsas xüsusiyyəti sensor texnologiyası ilə təchiz olunmasıdır. Ağıllı tullantı konteynerlərinə yerləşdirilən sensorlar doluluq səviyyəsini daimi nəzarətdə saxlayacaq. Bunun sayəsində tullantı qutularının nə vaxt boşaldılmalı olduğu əvvəlcədən müəyyən ediləcək. Eyni zamanda doluluq göstəricilərini həm istifadəçilər, həm də bələdiyyələr izləyə biləcəklər.

Konteynerlərin daxilinə yerləşdirilən xüsusi “X-ray” texnologiyası vasitəsilə radioaktiv batareyalar, tibbi və elektron tullantılar aşkarlanaraq monitor sisteminə ötürüləcək. Beləliklə, həm istifadəçilər, həm də aidiyyəti qurumlar təhlükəli tullantılar barədə operativ məlumat əldə edə biləcəklər.

Bundan əlavə, ağıllı tullantı qutuları uzaqdan idarəetmə funksiyasına malik olacaq. Bələdiyyələr monitorinq platformaları vasitəsilə təhlükəli tullantıları və konteynerlərin doluluq səviyyəsini real vaxt rejimində izləyə biləcəklər.

- Dünyanın müxtəlif ölkələrində zəlzələlər zamanı istifadə olunan xilasetmə robotları və texnoloji avadanlıqlar mövcuddur. Bəs sənin hazırladığın “HumanDetector” layihəsini digər oxşar robotlardan fərqləndirən əsas üstünlüklər nələrdir?

- “HumanDetector” layihəsinin digər robotlardan əsas fərqi onun daha kiçik ölçüdə hazırlanması və tank təkərləri vasitəsilə istənilən dağıntının üzərində rahat hərəkət edə bilməsidir. Robotun minimal ölçülərə malik olması ona dağıntılar arasındakı dar boşluqlardan keçmək imkanı yaradır.

Bundan əlavə, robot dağıntılar altında qalan şəxslərin təxmini yaşını və yaralanma dərəcəsini müəyyən edə bilir. Bu isə tibb işçilərinə vəziyyəti daha ağır olan yaralıları öncədən müəyyənləşdirməyə və daha operativ müdaxilə etməyə şərait yaradır.

-  Azərbaycan güclü zəlzələ riski olan ölkələr sırasında yer almır. Bu baxımdan “HumanDetector” layihəsini daha çox beynəlxalq bazar üçün nəzərdə tutursan? 

- Bəli. İlk növbədə layihənin inkişafı üçün sponsor dəstəyinə ehtiyac olacaq. Maliyyə dəstəyi əldə edildikdən sonra robotun beynəlxalq səviyyədə tanıdılması istiqamətində işlərə başlanıla bilər.

Sizin də qeyd etdiyiniz kimi, azərbaycanlı sahibkarlar buna elə də maraqlı olmayacaq. Çünki burada satışı zəif ola bilər. Buna görə də əsas hədəfim beynəlxalq bazara çıxmaqdır.

Bu mərhələdə layihənin üstünlüklərini və praktiki faydasını ön plana çıxarmaq vacibdir. Çünki insanların və şirkətlərin bazardakı real ehtiyacı görməsi layihəyə marağı artıracaq.

Layihənin əsas üstünlüklərindən biri də iqtisadi baxımdan daha sərfəli olmasıdır. Robot enerji toplamaq üçün radioaktiv materiallardan istifadə etmir. O, əsasən yaşıl enerji ilə işləyir. Günəş enerjisinin əlçatan olmadığı qış aylarında isə əvvəlcədən topladığı ehtiyat enerjidən istifadə edir. Yalnız zəruri hallarda alternativ enerji mənbələrinə müraciət edilə bilər.

- İndi isə gələk “Marsian” layihənə...

183551

- Bu mənim ən kiçik, amma ən çox sevdiyim layihəmdir. “Marsrover” adlanan bu robot ekoloji baxımdan daha münbit torpaqları müəyyən etmək məqsədi daşıyır. Aşkarlanan ərazilərdə çiçəkli bitkilərin yetişdirilməsi nəzərdə tutulur. Bitkilərin inkişafı üçün lazım olan istilik, rütubət və işıq səviyyəsi isə robotun yaratdığı xüsusi istixana effekti ilə tənzimlənəcək. Sistem süni intellekt əsasında fəaliyyət göstərəcək. 

Layihənin əsas məqsədi Marsda həyat üçün uyğun şəraitin araşdırılmasıdır.

- Görünür ki, layihələrin arxasında böyük maraq və uzun araşdırma dayanır. Maraqlıdır, bu ideyalar ilk dəfə necə yarandı? Bu yolda sənə dəstək verənlər olubmu?

- Layihələrin hər biri mənim şəxsi təşəbbüsüm və ideyalarımdan yaranıb.

Xüsusilə zəlzələ ilə bağlı layihəm Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra formalaşdı. Açığı, ideyanın yaranmasında mənə birbaşa dəstək olan olmayıb.

Təbii ki, robotun dizaynı və texniki görünüşü ilə bağlı valideynlərimdən və müəllimlərimdən müəyyən tövsiyələr almışam. Lakin layihələrin ideya müəllifi tam olaraq mənəm.

183539

- Ağıllı tullantı qutuları layihəsini ilk mərhələdə hansı bölgədə tətbiq etməyi düşünürsən və bunun üçün hansı addımlar vacibdir?

- Ağıllı tullantı qutularının yerləşdirilməsi üçün ilk növbədə aidiyyəti qurumlardan və yerli icra hakimiyyətlərindən icazə alınmalıdır. Daha sonra layihənin tətbiq ediləcəyi şəhər müəyyənləşdirilməlidir.

Hesab edirəm ki, layihəyə ilk növbədə əhalinin sıx yaşadığı Bakı şəhərində başlamaq daha məqsədəuyğun olar.

Bununla yanaşı, Mərkəzi Aran bölgəsində də layihənin tətbiqi əlverişli ola bilər. Çünki həmin ərazilərdə günəşli günlərin çox olması ağıllı tullantı qutularının günəş enerjisi ilə daha effektiv işləməsinə imkan yaradır.

- Marsda həyat axtarmaq ideyası kifayət qədər maraqlıdır. Bu istiqamətdə düşünməyə və “Marsian” layihəsini hazırlamağa necə qərar verdin?

- Uzun müddətdir ki, Elon Muskın fəaliyyətini izləyirəm və onu özümə nümunə hesab edirəm. Düşündüm ki, əgər o, Marsda həyat axtarışı ilə məşğuldursa, mən də bu istiqamətdə müəyyən araşdırmalar apara bilərəm.

Bu maraq məni NASAnın rəsmi materiallarını və müxtəlif yerli, beynəlxalq mənbələri araşdırmağa sövq etdi. Araşdırmalarım zamanı gördüm ki, Mars şəraitinə uyğun bitkilərin yetişdirilməsi və ya istixana effekti vasitəsilə onların inkişaf etdirilməsi ilə bağlı konkret layihələr çox azdır.

Bu isə məndə əlavə motivasiya yaratdı. Düşündüm ki, bu istiqamətdə yeni bir layihə ortaya qoya bilərəm. “Marsrover” layihəsinin ideyası da məhz belə formalaşdı.

- Hər üç layihənin planlaşdırılması və hazırlanması prosesi nə qədər vaxt apardı?

183540

- Hər bir layihənin hazırlanması və üzərində işlənməsi kifayət qədər vaxt tələb edib. Amma bu proseslərin hər birindən böyük zövq almışam. “HumanDetector” layihəsi digər layihələrimə nisbətən daha az vaxt apardı. İdeyanın təkmilləşdirilməsi təxminən 2 həftə, prototipin hazırlanması 3 ay, dizayn işləri isə 1 ay davam edib. Daha sonra isə uzun müddətli açıqlamalar və hesabatların hazırlanması mərhələsi olub.

Ağıllı tullantı qutuları layihəsində ideyanın formalaşdırılması nisbətən daha asan oldu və təxminən 1-1,5 həftə çəkib. Lakin prototipin hazırlanması daha detallı olduğu üçün təxminən 3 aya yaxın vaxt tələb edib. Bu layihə üzrə hesabatların hazırlanması da kifayət qədər zaman apardı.

“Marsian” layihəsi isə ümumilikdə təxminən 4 ay ərzində tamamlanıb. İdeyanın araşdırılması, istixana effekti, mövcud texnologiyalar və analoji layihələrin öyrənilməsi təxminən 1 ay davam edib. Robotun hazırlanması isə daha qısa vaxt aldı.

Mars maketinin hazırlanması 2 həftə çəkdi. Maket duzlu xəmirdən hazırlanıb ki, tez qurusun, lakin quruma prosesi, taxta hissələrin kəsilməsi və rənglənməsi kimi mərhələlər vaxt aparıb. Mənim üçün ən maraqlı hissə isə hesabatların yazılması olub və bu mərhələ 1-2 həftə davam edib.

- Layihələrinin hər üçü demək olar ki, süni intellekt əsaslı idarəetmə üzərində qurulub. Bəs sən hansı süni intellekt alətlərindən istifadə edirsən və onları daha çox hansı məqsədlərlə?

-  Süni intellekt alətləri arasında hazırda ən aktiv şəkildə Gemini-dən istifadə edirəm. Araşdırma aparmağa xüsusi marağım var və Gemini-nin Google ekosisteminə bağlı olması bu baxımdan daha əlverişli imkan yaradır.

Təhsil prosesində isə həm ChatGPT, həm də Gemini-dən paralel şəkildə istifadə edirəm.

- Dərya, Marsda ilk bitkinin yetişdiyini görsən, nə hiss edərdin?

- Bu mənim üçün böyük bir şok olardı. İlk 1-2 dəqiqə sadəcə “Mən bunu doğrudanmı bacarmışam?!” deyə düşünərdim. Bu məni çox qürurlandırar və qısaca desəm, yerə-göyə sığmazdım.

- Hazırda layihələrin hansı mərhələdədir?

- Sadaladığım hər üç layihənin artıq prototipi hazırdır. Bundan sonrakı məqsədim onları daha da təkmilləşdirərək böyük prototiplərə çevirmək və sponsorların qarşısına çıxarmaqdır.

Daha sonra isə real maliyyə dəstəyi ilə bu layihələri inkişaf etdirərək beynəlxalq səviyyəyə çıxarmağı və satışını reallaşdırmağı planlaşdırıram.

- Gələcəkdə karyeranla bağlı fikirlərin nələrdir?

- Ən böyük arzum həkim olmaqdır. Seçdiyim sahə kardio-cərrahiyyədir və bu sahəyə böyük marağım var. Bakalavr təhsilimi Azərbaycan Tibb Universitetində almağı planlaşdırıram. Magistratura təhsilimi isə xaricdə davam etdirmək niyyətindəyəm. Xüsusilə Almaniya əsas planlarımdandır. Həmin ölkənin tibb təhsilini araşdırmışam və düşünürəm ki, bu, hədəflərim üçün doğru seçimdir.

Tibb sahəsi ilə bağlı seminar və tədbirlərdə iştirak etmək üçün isə zaman-zaman Asiya ölkələrinə - Çin, Yaponiya, Koreya və s. getməyi də planlaşdırıram.

- Bəs dil öyrənməyə marağın varmı?

- Hazırda ingilis dilim C1 səviyyəsindədir, türk dilini isə B2 səviyyəsində bilirəm.

Bir müddət əvvəl eyni anda bir neçə dili öyrənməyə çalışmışdım, lakin bu yanaşma uğurlu olmadı. Həmin dillər Çin, Alman və Koreya dilləri idi.

Hal-hazırda Çin dilində oxuma və yazma bacarıqlarımı inkişaf etdirirəm. Artıq əsas səviyyədə oxuma-yazmanı yerinə yetirə bilirəm və tələffüzüm də xeyli dərəcədə bu dilə uyğunlaşıb. Koreya dilində isə gündəlik ünsiyyət səviyyəsində özümü ifadə edə bilirəm. Alman dili üzrə biliklərim isə hələ A2 səviyyəsindədir.

Layihə və dərslərdən əlavə vaxtını necə keçirirsən, hansı hobbilərin var?

- Ən sevdiyim fəaliyyət kitab oxumaq və araşdırma aparmaqdır. Bu araşdırmalar əsasən əfsanələr və mifologiya ilə bağlı olur.

Kitab seçimimdə daha çox klassik əsərlərə üstünlük verirəm. Lev Tolstoy və Viktor Hüqonun əsərlərini xüsusilə qeyd edə bilərəm. Film izləməyi də çox sevirəm. Xüsusilə fantastika, aksiya və elmi-fantastik janrda filmlərə marağım böyükdür. Həmçinin musiqi dinləməyi sevirəm. İstər yerli, istərsə də xarici musiqilər gündəlik həyatımın bir hissəsidir.

Hobbilərimdən biri də kolleksiya toplamaqdır. Uşaqlıqdan bəri rəngli daşlar toplamağa marağım olub. Hazırda isə əsasən kitab kolleksiyası yığıram.

- Kolleksiyanda neçə kitab var?

- 78 kitab.

- Bəs onlardan neçəsini oxumusan?

- Oxumadığım cəmi 8 kitab qalıb. 

- Layihələrin kifayət qədər vaxt tələb edir, dərslərinə də ciddi hazırlaşırsan. Eyni zamanda hobbilərin də kifayət qədər genişdir və dil öyrənirsən. Bütün bunları necə balanslaşdırıb vaxtını idarə edirsən?

-  Hobbilərimə, dərslərimə və layihələrimə vaxt ayırmaq mənim üçün çox önəmlidir. Açığı, bəzən düşünürəm ki, bütün bunlara necə vaxt ayıra bilirəm?!

Hətta demək olar ki, günün 24 saatını (ironiya ilə desək 25 saatını) musiqi dinləyərək keçirirəm.

Hər gün ən az 10 səhifə kitab oxumağa çalışıram. Əgər həftəm çox gərgin keçərsə və vaxt tapmasam, bazar günləri axşam mümkün qədər çox oxumağa çalışıram. Hətta kitab oxuma rekordum da var. 2 günə 400 səhifədən çox kitabı bitirdiyim olub.

Araşdırmalara gəldikdə isə, əvvəl də qeyd etdiyim kimi, mifologiya və əfsanələr, xüsusilə də hipotetik mövzular məni çox maraqlandırır. Bu maraq məndə uşaqlıqdan formalaşıb.

- Startap layihələrinlə müsabiqələrdə iştirak etmisənmi?

- TEKNOFEST-də həm “Ağıllı tullantı qutuları” layihəm, həm də “Zəlzələ” layihəm yarımfinala qədər yüksəlmişdi. Hətta layihələrdən birinin təqdimatı zamanı münsiflər ideyanın mənə aid olmasına təəccüblənmişdilər. “Marsian” layihəm isə “Gələcəyin mühəndisləri” müsabiqəsində 1-ci yerə layiq görülmüşdü.

Bundan əlavə, mən "Deneyap Azerbaycan" programının ilk mezunlarındanam.

183544

T3 Vəqfi ilə Azərbaycan Respublikasının ASAN Xidmətinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilən təhsil proqramıdır. Layihə Türkiyədə Selçuk Bayraktar tərəfindən təsis olunub və daha sonra Azərbaycanda da tətbiq edilməyə başlanıb. Proqram iki mərhələli qəbul imtahanından - nəzəri və praktiki imtahanlardan ibarətdir. Bu mərhələləri uğurla keçərək üç il müddətində “Deneyap” tədris proqramında təhsil aldım.

Həmin proqramın ilk məzunlarından biri olaraq təltifetmə mərasimində Türkiyə səfiri ilə birlikdə iştirak etmişəm.

Seçilən
22
azedu.az

1Mənbələr