AZ

Süni intellekt təhsildə: inkişaf vasitəsi, yoxsa düşünmə tənbəlliyi?

Müasir dövrdə texnologiyanın sürətli inkişafı təhsil sahəsinə də ciddi təsir göstərir. Xüsusilə süni intellekt əsaslı proqram və tətbiqlərin geniş yayılması müəllim və şagirdlər üçün yeni imkanlar yaradır. Artıq bir çox şagird məlumat axtarışı, tapşırıqların hazırlanması və xarici dil öyrənilməsi zamanı bu texnologiyalardan istifadə edir. Bununla yanaşı, süni intellektin təhsildə rolu ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəziləri bunun öyrənmə prosesini asanlaşdırdığını düşünür, digərləri isə şagirdlərin müstəqil düşünmə qabiliyyətinə mənfi təsir göstərə biləcəyini vurğulayır. Bu səbəbdən mövzu həm müəllimlər, həm valideynlər, həm də gənclər arasında aktuallığını qoruyur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu öncə süni intellektin şagirdlərin düşünmə və araşdırma qabiliyyətinə təsirindən danışdı. 

Süni intellektin artıq təhsilin bir hissəsinə çevrildiyini qeyd edən mütəxəssis hesab edir ki,  yaxın illərdə onun təsiri daha da artacaq:

"Amma burada əsas məsələ texnologiyanın özü deyil, ondan necə istifadə edilməsidir. Düzgün yanaşma olduqda süni intellekt şagirdin inkişafını sürətləndirə bilər, yanlış istifadə isə düşünmə tənbəlliyini artıra bilər. Yəni əgər şagird süni intellektdən mövzunu izah etdirmək, fərqli mənbələri müqayisə etmək, ideya tapmaq, səhvləri analiz etmək üçün istifadə edirsə, təbii ki, bu zaman onun araşdırma və analitik düşünmə bacarığı inkişaf edir. Çünki süni intellekt fərdi repetitor kimi işləyə bilir və şagirdin öyrənmə tempinə uyğunlaşır. Amma hazır cavabları düşünmədən köçürmək vərdişi formalaşsa, bu, artıq asılılıq yaradır. Xüsusilə esse, layihə və ev tapşırıqlarında hazır mətn alma yanaşması şagirdin məntiq qurmasını, yazı bacarığını, müstəqil fikir formalaşdırmasını zəiflədə bilər. Yəni süni intellekt kalkulyator kimidir: riyaziyyatı sürətləndirə də bilər, hesablamanı unutdura da bilər”.

Rizvan Fikrətoğlu müəllimlərin yerini gələcəkdə texnologiyanın qismən tutacağı fikri ilə razı olduğunu bildirdi:

“Qismən bəli, tam şəkildə xeyr. Çünki süni intellekt test yoxlama, fərdi tapşırıq hazırlama, zəif tərəfləri analiz etmə, sürətli izah vermə kimi işləri müəyyən qədər müəllimdən daha sürətli edə bilər. Amma müəllim sadəcə məlumat ötürən insan deyil axı. Müəllim motivasiya verir, şagirdin psixologiyasını anlayır, tərbiyə rolunu daşıyır, sinifdə ünsiyyət və digər bacarıqları, dəyərləri formalaşdırır. Texnologiya emosional əlaqəni, inamı və insan nümunəsini tam əvəz edə bilmir. Yəni gələcəyin modeli böyük ehtimalla müəllim + süni intellekt əməkdaşlığı olacaq. Yəni yaxşı müəllim texnologiyadan istifadə edən müəllimə çevriləcək”.

Təhsil eksperti Azərbaycanda məktəblərin süni intellektdən düzgün istifadə üçün yetərincə hazır olub-olmamağından da söz açdı. 

“Hazırda tam hazır olduğunu demək çox çətindir. Çünki müəyyən inkişaf var, amma bir neçə ciddi problem qalır. Bir çox məktəbdə rəqəmsal savadlılıq yetərli deyil, müəllimlərin bir hissəsi süni intellekti necə tətbiq etməyi bilmir, şagirdlərdə etik istifadə qaydaları formalaşmayıb, region məktəbləri ilə şəhər məktəbləri arasında texnologiya fərqi hiss olunur. Digər tərəfdən, Azərbaycanda gənclərin texnologiyaya marağı yüksəkdir və bu üstünlükdür.

Əgər müəllimlər üçün təlimlər artırılsa, məktəblərdə süni intellekt etikası və şagirdlərə hazır cavab almaq yox, düzgün sual vermək bacarığı öyrədilsə, düşünürəm ki, o zaman süni intellekt təhsildə ciddi inkişaf vasitəsinə çevrilə bilər. Məncə, gələcəkdə ən uğurlu şagird ən çox məlumat əzbərləyən şagird yox, süni intellektlə birlikdə düzgün düşünə bilən şagird olacaq”, - deyə müsahibimiz vurğuladı. 

Bahar MUSAYEVA

Seçilən
15
redaktor.az

1Mənbələr