AZ

Rusiyadan gözlənilməz SÜLH MESAJI – Ukrayna ilə razılaşmanın əldə olunacağı TARİX AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri çərçivəsində Si Cinpinlə görüşü baş tutub. Görüşdə ən diqqətçəkən məqam isə liderlərin bəyanatında verdiyi mesajlardır. Xüsusilə də, Putin və Si Cinpinin birgə bəyanatında Ukrayna böhranının nizamlanması və regionda davamlı sülhün bərqərar olması ideyasını dəstəklədiklərini ifadə etməsi müzakirələrə səbəb olub.

Maraqlı məqam isə bundan ibarətdir ki, sözügedən görüş fonunda Rusiyada müharibənin dayandırılması ilə bağlı fikirlər tirajlanmağa başlayıb.

Belə ki, Dövlət Dumasının kommunist partiyasından olan deputatı Renat Süleymanov Rusiya iqtisadiyyatının Ukraynaya qarşı müharibənin uzun müddət davam etməsinə dözə bilməyəcəyini bəyan edib. Bu əsasda, o bildirib ki, xüsusi hərbi əməliyyatın tezliklə başa çatdırılması zəruridir.

Deputat həmçinin deyib ki, federal büdcənin 40 faizi müdafiə və təhlükəsizlik məsələlərinə sərf edilir. Bu isə onun fikrincə, inflyasiyanın artmasına, sosial və investisiya xərclərinin azalmasına gətirib çıxarır.

Onu da xatırladaq ki, Tramp da ötən həftə Çinə səfər edib. ABŞ Prezidentinin də Çin lideri ilə görüşündə müzakirə olunan məsələlərdən biri Ukrayna böhranı idi.

Görəsən, Ukrayna ilə bağlı artıq böyük güclər razılığa gəlib?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, Ukrayna müharibəsinin bitməsi istiqamətində səslənən bəyanatlar heç də böyük güclərin razılığa gəlməsilə əlaqəli deyil. Ekspertin fikrincə, bu daha çox Ukraynanın indiki durumu ilə bağlıdır:
 

“Son aylar Ukraynaya silah yardımı xeyli azalıb. Çünki ABŞ bütün arsenalını İranla müharibəyə sərf edir. Rusiya isə ağır-ağır olsa da, irəliləməkdə davam edir. Digər mühüm amil isə Zelenskinin durumu ilə bağlıdır.


Korrupsiya qalmaqalı günü-gündən böyüyür. Zelenskinin ən yaxın silahdaşı, Prezident Aparatı Ofisinin keçmiş rəhbəri Yermaka cinayət işi açılıb. Digər yaxın silahdaşı biznesmen və “Kvartal 95” studiyasının həmtəsisçisi Timur Mindiçlə bağlı da materiallar dərc olunmağa başlayıb. Belədə, aydındır ki, əsas hədəf Zelenskidir və onun ifşa olunmasına çox qalmayıb. Zelenski bu fonda anlayır ki, sülh sazişi imzalanmasa, onun özü ilə bağlı korrupsiya faktları da mətbuata sızdırılacaq”.

A.Səmədov deyir ki, bütün bunların fonunda da Rusiyada yaxın zamanlarda Putinin istədiyi şərtlərlə sülh sazişinin imzalanacağı mümkünlüyünə ümidlər yaranıb:

“Bu ümidlərin özünü nə dərəcədə doğruldacağını isə yaxın aylar göstərəcək. Bir şey aydındır, Zelenski kifayət qədər ağır durumdadır. Onun vəziyyətdən çıxmaq şansı demək olar ki, yoxdur. Müharibə sona yaxınlaşmaqdadır. Bu il olmasa da, uzağı gələn ilin əvvəllində sülh sazişi imzalanacaq”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
42
bizim.media

1Mənbələr