AZ

“Qadını evdə saxlayıb uşaqlarına baxmağa yönəltsək, daha çox xeyir gətirər” - Videomüsahibə

Bu dəfə məzunu olduğum və hələ də təhsil aldığım Azərbaycan Dillər Universitetinə (ADU) tələbə kimi getmirəm. Gedişin səbəbi tamam başqadır, günlərdir davam edən həyəcanım yolboyu yaxamı buraxmır. Özümüzü təqdim edəndən sonra bizi rektorun otağına dəvət edirlər.  
Otağı kitablarla dolu rəflər, illərin xatirəsini yaşadan şəkillər və diplomlar bəzəyir. Mənə 75 yaşı münasibətilə çap olunmuş 7 cilddən ibarət kitabını bağışlayır. Daha sonra saytımızı oxuduğunu, daim gündəmi izlədiyini əlavə edir. Xalq yazıçısı, Bakı Slavyan Universitetinin sabiq, ADU-nun isə hazırkı rektoru Kamal Abdullanın “BUTA.TV”ya müsahibəsini təqdim edirik:- Kamal müəllim, yaşıdlarınızın əksinə olaraq, siz əsasən aktiv həyat tərzi sürürsünüz. Hətta bəzən axşamlar da burada - tələbələrinizin ətrafında olursunuz. - Hə... Bilirsən, bəlkə də həqiqi və doğru həyatı onlar sürürlər. Biz bir az həddindən artıq aktivlik göstəririk. İşə alışmış adam birdən-birə işi tərk edə bilmir. O, istər-istəməz tələbələrin arasında, dərsin, təhsilin yanında olmalıdır. Yəni bütün bunlar insana əlavə həyat eşqi, həyat coşqusu verir.  - Yaradıcılıqla da məşğulsunuz, iş həyatınıza təsir göstərir? - Yox, deməzdim ki, göstərir. Mən bunların bir-birinə mane olduğunu heç bir zaman hiss eləməmişəm. - Ramiz Rövşən sizin haqqınızda deyir ki, Kamal Abdulla tənqidçi olaraq doğulub. Sosial şəbəkələrdə gənc yazıçıların sizin də əsərlərinizi tənqid etdiyini görürük. Bir tənqidçinin tənqidə münasibəti necədir?- Tənqid ədəbi aləmdə və müstəvidə əsərləri təhlil etmək, onun müsbət, mənfi cəhətlərini üzə qoymaq deməkdir. Bu mənada aparılan tənqidə son dərəcə dözümlü oluram. Özüm də maraqlıyam ki, yazdığımla bağlı kimə, nə cür təsir göstərə bilmişəm. Amma tənqid ancaq nöqsanlardan, ya da başqa tipli çatışmazlıqlardan ibarət olanda... Məsələn, bəzən mənə cümlə yazmağı öyrətmək təşəbbüsləri də olur. Onlara da normal baxıram, amma bu, doğru deyil.  - Gənc yazıçılardan kimə maraq göstərirsiniz? - Bu, çox çətin sual oldu. Çünki mənim gənc saydıqlarım sizin yaşlı nəslə aid etdiyiniz yazıçılar olacaq. Ona görə də ədəbiyyatda nəsillərə bölgünü qəbul edə bilmirəm. Yəni gənc nəsil, yaşlı nəsil... Hər nəslə aid insanın ədəbiyyatda iştirak etmək hüququ var və o bu hüququndan da istifadə edir. Gücüm çatdığı qədər oxuyuram. Amma sənə bir sirr açım, ən çox özümü oxuyuram. Öz yazdıqlarım mənə daha maraqlı gəlir. - Öz yazdıqlarınızı təkrar oxuyub düşünmüsünüzmü ki, mən bunu fərqli yazsam, necə olardı? - Çox düşünmüşəm, bunu belə yazmayıb, belə yazsa idim, nə olardı?! Mən həm də redaktoram. Daha çox özümü başqa bir dünyada redaktor kimi təsəvvür edirəm ki, əlimdə qələm o yazılmış cümlələri bir növ redaktə etməyə çalışım. Bu mənə daha çox mənəvi zövq və ədəbi rahatlıq verir. - Bəs niyə məhz postmodernizm? - Vallah, heç bilmirəm ki, bu postmodernizm əvvəldən axıra qədər nə deməkdir. Onun bir qolunu - mətnlə oynamağı bilirəm. Müəyyən mənada hər hansı daşlaşmış, qəlibləşmiş mətnə olan baxışımdan çıxış edərək müəyyən münasibətlər bildirmişəm. Daşlaşmış mətnlərə müasir baxışla baxanda, onlardan nə gözlədiyimizi və onları necə görmək istədiyimizi ortaya qoyanda, bu, həm mətnin, həm də müasir cəmiyyətin xeyrinə olur. - Bəzən oxucular sizin yaratdığınız Dədə Qorqud obrazını qəbul edə bilmir.- Mən Dədə Qorqudu yaratmamışam. “Kitabi-Dədə Qorqud” dastanında təsəvvür etdiyim obrazlar nəzərimdə və dünyagörüşümdə bir qədər başqa xüsusiyyətlərə malik olmalı idilər. Çünki bu xüsusiyyətlərin onlarda olmasına bizi həmin mətn inandırır. Yəni mən özümdən heç nə uydurmamışam. Məsələn, “Beyrək niyə belə deyil, belədir?” sualını mənə verdikləri zaman, deyirəm ki, mətni diqqətlə oxu. Bax, bu Beyrəyi “Dədə Qorqud” mətnini tam oxuduqda, onun gizli qatlarına səyahət etdikdə daha aydın görürük. Niyə bundan qaçmalıyıq? Niyə özümüzə yalançı Beyrək düzəltməliyik? Bütün bunlar bizi “Kitabi-Dədə Qorqud” dastanını daha dərindən və daha düşüncəli şəkildə oxumağımıza gətirib çıxarır. Mənim də bu istiqamətdə Dədə Qorquda münasibətdə yeni bucağım yarandı.  - Yaradıcılığınızdan danışmışkən, müsahibəyə başlamadan əvvəl dediniz ki, yeni çap olunan kitablarınızın birində süni intellektin sizin haqqınızda düşündükləri də yer alıb.  - Süni intellektə “Kamal Abdulla kimdir, onun bu əsəri nə deməkdir?” sualını verəndə elə cavablar verir ki, mən özüm məəttəl qalıram. Məni çox vaxt ittiham edirdilər ki, ancaq dostlarınız sizi tərifləyir. Süni intellekt də mənim dostum deyil ki, o da gözəl-gözəl sözlər deyir. Bəs onu nətər eləyək, hara və necə yazaq? Mən çox sevindim ki, süni intellektin mənim barəmdə etdiyi emal gün üzünə çıxanda, vallah, heç də Niyazi Mehdinin kitabındakı təriflərdən geriyə qalmır. Çox maraqlıdır. - Tələbələr də süni intellektdən çox istifadə edirlər. Təhsil və tədris prosesinə təsirini necə qiymətləndirirsiniz?- Düşünürəm ki, süni intellekt ağıllı və müdrik adamlar üçündür. Süni intellektdən onlar istifadə edə bilərlər. O adam ki müdrik deyil, o süni intellektdən götürüb köçürməklə heç nəyə nail ola bilməyəcək. Ağıllı adam süni intellektdən öz biliyini müəyyən mərtəbəyə, müəyyən dərəcəyə gətirmək üçün istifadə edə bilər və etməlidir də. - Tələbələrdən, ümumiyyətlə gənclərdən razısınız? - Çox razıyam. Bizim gənclər bu gün həmin Qarabağı alan gənclərdir. Onu unutmaq lazım deyil. Bir də görürsən ki, universitetdə oturub müəllimin danlağına tuş gələn, qəbul etmədiyimiz tərzdə həyat sürən tələbələr sabah qəhrəman olurlar. Qəhrəmanlar elə gənclərdən çıxır. - Amma bəzən gəncləri sanki sıxırlar. Onların geyiminə, düşüncələrinə qarışırlar. Hətta geyim kodeksləri olan universitetlər də mövcuddur. - Mən ona sıxmaq deməzdim, hətta ona azadlıq da deməzdim. Hər universitetin müəyyən geyim tələbi ola bilər, ona uyğunlaşmaq lazımdır. Yəni universitet universitetdir. Ora teatr və ya hansısa bir konsert deyil ki, sən universitetə təzə-tər nişanlı qız, ya oğlan kimi geyinib gedəsən. Türkiyədə Bursa Universitetində işlədim, tələbələrin əhatəsində idim. Dərs dediyim sinifdə müxtəlif ailələrdən – milyonçu və kasıb təbəqədən gələn tələbələr var idi. Geyiminə görə heç kimi, heç kimdən fərqləndirmək mümkün deyildi ki, bu zəngin bir ailənin övladıdır, bu isə zəngin olmayan. Ümumiyyətlə, geyimə görə fərqlənmək absurddur. Bəzən bu, çox ağır nəticələrə gətirə bilər.  - Nə kimi nəticələr?- Bu ona gətirə bilər ki, sabah bizdə cinsi münasibətlərdə tələbə şaşqınlığa baş vura bilər. Yəni tələbənin beynində azadlıq anlayışı başqa cür öz əksini tapar. Yəni tələbə düşünə bilər ki, hüququm var, oğlanam, amma özümü qıza oxşadım. Mən buna imkan vermirəmsə, onun hüququnu əlindən alıram? Bu, absurddur. Müsəlmanıq, müsəlmanlardan başqa, xristianın özü də Allaha inanır. Allah da deyib ki, bir oğlan olmalıdır, bir qız olmalıdır, ortada olmaq mümkün deyil. Ona görə də buna uyğun hərəkət etmək lazımdır. Mən inanıram ki, özünü Avropada olan bəzi düzgün olmayan cərəyanlara aid etmək istəyənlər bunu ürəkdən yox, başa düşməməzlikdən edir. Onlara da bu məsələni izah etmək lazımdır. -  Universitetlərdə vahid forma olmalıdır?- Yox. Bizdə 20-dən çox dil öyrənilir. Bu da o deməkdir ki, 20-dən çox mədəniyyət və ölkə öyrənilir. Biz gərək hər tələbəni öyrəndiyi dilin mənsub olduğu xalqa aid geyimlə təsəvvür edək. Birmənalı başa düşülən proses deyil. - Universitetdə 20-dən çox dil öyrədildiyini dediniz. Bir vaxtlar kütləvi şəkildə kurslara axın başlamışdı. Rus dilini bilənlər ingilis dilini, ingilis dilini bilənlər isə rus dilini öyrənirdilər. Və dilin vəzifəyə getmək üçün bir vasitə olduğunu düşünürdülər. Azərbaycanda dil anlayışı nədir? - Vaxtilə sovet dövründə Azərbaycanda rus dilini bilməyənləri vəzifəyə irəli çəkmirdilər. Bu da bir faktdır. İndi də bəzi insanlara elə gəlir ki, onlar ingilis dilini bilmirlərsə, irəliyə gedə bilməzlər. Biz dil müəllimləri, dil mütəxəssisləri hazırlayırıq. Küçədə gedən bir insan ingilis dilini bizim tələbə qədər bilə bilər, amma bizim tələbə gedib ingilis dilini məktəbdə tədris edəcək. Həmin adamla bunun arasında fərq var. Azərbaycan dilinin işləndiyi və əsas olduğu bir dövlətdə ingilis dilinə də, italyan dilinə də, fransız dilinə də, koreya dilinə də ehtiyac var. Çalışırıq ki, doğma dilimiz də dilini öyrəndiyimiz ölkələrdə öz əksini tapsın. Bu gün bizim universitetimiz səkkiz xarici universitetdə Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradıb. Vaxtilə Slavyan Universitetində işləyəndə də belə mərkəzlər yaratmışdıq. Mən bunu açıq şəkildə deyirəm, təəssüf ki, mən oradan gedəndən sonra bu istiqamət öldü və həmin mərkəzlər naşılar tərəfindən bir-bir ləğv edildi. Halbuki həmin mərkəzlər yaşasaydı, dilimizin, mədəniyyətimizin, ədəbiyyatımızın, Azərbaycan həqiqətlərinin o ölkələrdən səsi gələrdi. Niyə imkanı olan digər universitetlər bu prosesə qoşulmurlar? Mən elə hamısına deyirəm. Bizim imkanımız 8 universitetdə bunu etməkdir. Azərbaycanda universitet var ki, bunu 80 universitetdə edə bilər. - Tələbələrin böyük bir qismi universiteti bitirəndən sonra iş tapmaqda çətinlik çəkir. İş tapa bilməyənlər də kütləvi şəkildə xaricə köçürlər. Bu balans necə qorunmalıdır ki, tələbə universiteti bitirdikdən sonra işlə təmin olunsun?- Bütün bunlar birdəfəlik müəyyənləşdirilə bilməz. Bunların özünün müəyyənləşmə mərhələsi və periodikası var. Gərək bir müddət buraxasan, görəsən nə cür olur, sonra onu davam etdirəsən, yaxud da onu haradasa korreksiya edəsən. Bu, birmənalı şəkildə həll edilən proses deyil. Azərbaycanlıların xarici ölkələrə iş və yaxud təhsil dalınca getməsinə pis baxmaq lazım deyil. Onlar bəlkə də öz həyatlarının yeni bir istiqamətini tapırlar. Bəzən də elə müvəffəqiyyətlərə, uğurlara imza atırlar ki, o doğrudan da ölkə üçün də vacibdir. Amma ən yaxşı hal, ideal hal odur ki, onlar gedib orada müəyyən təcrübə yığıb yenə də ölkələrinə qayıtsınlar. - Bəs rektoru olduğunuz universitetlə bağlı hansısa tənqidlərlə üzləşirsiniz? - Vallah, əsassız tənqidlər olur. Bəzən deyirlər ki, bizim universitetin bakalavrları ingilis dilini yaxşı bilmirlər. Amma təsəvvür eləmirlər ki, universitetimizin bakalavrları müharibə zamanı bütün ingilisdilli ölkələrə və onların başçılarına məktub yazan, Azərbaycan həqiqətlərini onlara çatdıran gənclər olublar. Təsəvvür eləmirlər ki, burada müxtəlif dillər, məsələn italyan, koreya dili öyrənilir. İngilis dili artıq ikinci, üçüncü dərəcəli bir dildir. Bu cahilcəsinə yanaşmaların qiyməti yoxdur və biz onlara yeri gəldikcə cavab veririk.  - Diplomların elektronlaşdırılması tədris prosesinə təsir göstərəcək?- Mən kağızın, həmin o kitabın, kitabçanın tərəfdarıyam. Tələbə onu onlayn yox, əlində hiss eləməlidir, əlində sığallamalıdır. O əzab, zəhmət çəkdiyi günlərin, ayların hərarəti hopmuş o diplomu açmalıdır, bağlamalıdır. Mən bir az köhnə əqidəli adamlar kimi bunu deyirəm. - Azərbaycan universitetlərinin verdiyi təhsildən, tədrisdən razısınız? - Tədris proqramından heç vaxt sonuna qədər razı olmaq mümkün deyil. Çünki sən tədris və təhsil adamısansa, həmişə istəyərsən ki, oraya nəsə əlavə olunsun. Ona görə də çalışırıq ki, tədris proqramlarında əksini tapmayan elementləri oraya dərsdənkənar əlavə edək. Məsələn, bizim universitetdə belə bir ənənə var, tələbələrə imtahandan əvvəl 10 ədəbiyyat oxumağı məcburi olaraq şərt qoyuruq, tövsiyə etmirik. Vaxtilə Slavyan Universitetində də var idi, indi bilmirəm qalıb-qalmayıb, inanmıram qalsın. Sən də 10 ədəbiyyat oxumusan.  - Bəli, oxumuşam.- Əvvəl-əvvəl tələbələr buna etiraz edirdilər, narazı qalırdılar. Sonra bir-bir gəlib təşəkkür etdilər. Çünki həmin əlavə 10 ədəbiyyat proqrama düşə bilmir. Məsələn, Tolstoyun “Hərb və Sülh”ü proqrama düşür, amma “Hacı Murad”ı düşmür. Onu da oxumaq lazımdır.  -  “O kitabı mütləq oxumalısınız” dediyiniz kitab var?- Kitab oxumaq özü böyük bir mədəniyyətdir. Hər yaşın özünə uyğun kitab xurcunu var. O xurcun həmin yaşda oxunmalıdır. Məsələn, 20 ildən sonra “Amerika faciəsi”ni oxusan, o sənə heç nə verməyəcək. Və yaxud məktəb illərində, mənim kimi “Amerika faciəsi”ni oxusan, bu da sənə heç nə verməyəcək. Onun öz vaxtı var, gərək o vaxtı doğru-düzgün tutasan. Sənin daxili əhval-ruhiyyən o kitaba uyğun olmalıdır. Bir var “Ovod”u 10-cu sinifdə oxuyasan, birdə var ki, “Ovod”u 50 yaşında oxuyasan. Bunun böyük fərqi var. Gərək onu 10-cu sinifdə oxuyasan. Kitabı oxuyanda səni özünə çəkmirsə, deməli bugünkü yaşına, əhvalına, dünyaya baxışına uyğun deyil. Həmin kitabı kənara qoysan, yaxşıdır.  - Rektor Kamal Abdulla və yazıçı Kamal Abdullanı nə birləşdirir?- Vətənə məhəbbət, millətə sədaqət, cəmiyyətə layiqli övlad olmağa çalışmaq. 2019-cu ildə universitetin bakalavr pilləsinə daxil olduğum zaman Kamal Abdullanın akt zalındakı çıxışı yadıma düşür. Elə sualımı da bu yöndə vermək istəyirəm.- Hər zaman deyirsiniz ki, heç bir müəllimi tələbənin, heç bir tələbəni də müəllimin ayağına vermərəm. Bu cümlə ilə universitetdəki hər kəsə ədalət hissini aşılamağa çalışırsınız. Bəs Kamal Abdulla ədalətlidir? - Müəllim-tələbə münasibətlərinə o cür baxış çox çətin əldə edilir. Yəni necə ola bilər ki, heç bir tələbəni heç bir müəllimin və heç bir müəllimi də tələbənin ayağına vermirsən?! Bu, asan məsələ deyil. Kifayət qədər ciddi təcrübən, obyektivlik ölçün, meyarın olmalıdır ki, sən bütün bunları nəzərə alasan. Ümumiyyətlə, işlədiyim universitetlərdə tələbəyə münasibət həmişə ön planda olub. Çox vaxt çıxıb həyətdə tələbələrlə şahmat oynayıram. Yəni həmişə tələbələrin arasındayam. Dəhlizə və ya həyətə çıxanda, yaxud universitetin hansısa otağına gedəndə heç kim tələbələri oradan uzaqlaşdırmır ki, burada gəzib dolanmayın, rektor gələcək.Tələbə özünü rektorun yanında insan kimi, cəmiyyətin bir üzvü kimi hiss edir.  - Bəzi müəllimlər var ki, təqaüd yaşına çatsalar da, öz peşələrini tərk etmək istəmirlər. Nə düşünürsünüz, müəllimlər 65 yaşında təqaüdə çıxmalıdır?- Müəllimin təqaüdə çıxmasını müəyyən bir əmrlə və ya məhdudiyyətlə tənzimləmək doğru deyil. Hökumət nöqteyi-nəzərindən baxarkən, bəli, müəyyən yaşda təqaüdə çıxmalıdırlar. Amma hər şeyi təbii ölçüsünə buraxmaq lazımdır. Müəllim nə vaxt özü dərs deməkdən bezərsə, onda peşəsini tərk eləməlidir. Pedaqoqlar keçən il dediyini bu il də təkrar edir. Əgər buna dözməmə, bezmə halı varsa, müəllim gedib evində dincələ bilər. Amma yenə də universitet olaraq mənəvi borcdur ki, həmin müəllimlə əlaqəsini kəsməsin, onun tələbələrlə ünsiyyətinin bu və ya başqa formasını qoruyub saxlasın, yaxud da axtarıb tapsın. - “İdrak” liseyində baş verən insidentdən xəbərdarsınız. Müəllim sonda şagirdini bağışladı. Azərbaycanda müəllimə münasibət necədir? Məktəblərdə niyə belə insidentlər baş verir?- Elə müəllimə halal olsun. Amma insident nədən ibarətdir, onun səbəbini dərinliyinə qədər bilmirik. O gizli tərəfi, baş vermiş hadisənin bütün təfərrüatını bilmədən ona obyektiv qiymət vermək də çətin olur. - Ziyalı ailəsində böyümüsünüz. Atanız müəllim, ananız da həkim olub. Ali təhsili olmayan valideynlərlə böyüsəydiniz, indiki Kamal Abdulla olardınız? - Yəqin ki, yox. Hansısa biznesdə çalışmaq istərdim. Ali təhsil almasaydım, harada olardım demək çətindir. Amma hər halda bu sahə, indi tutduğum mövqe, çalışdığım işlər üçün yəqin ki, o tərəfdə darıxacaqdım. İndi də o barədə darıxıram. - Niyə Azərbaycanda müğənni, aktyor, aktrisa məşhurlaşır, ziyalılar məşhurlaşmır? Nədir bunun səbəbi?- Niyə elə bədbin fikirləşirsiniz? Mən elə güman edirəm ki, Azərbaycanda da çox böyük ziyalılar var. Elə götürək Rafiq Əliyevi, Ramiz Rövşəni, Nazim İmanovu. Bunlar çox böyük ziyalılardır və son dərəcə təsirli söz demək qabiliyyətləri var. Bu kimi adamların sayını artırmaq da olar. Məsələn, Rafiq Əliyev ABŞ-də, Gürcüstanda, Özbəkistanda dərs deyir. Həqiqətən də dünyaşöhrətli bir alimdir və onu hər yerdə qəbul edirlər. Qeyri-səlis məntiqin bu gün avanqardını aparan insandır. Ulu alimimiz Zadə öz əldə etdiyi, qeyri-səlis məntiq sahəsindəki bütün yaratdıqlarını ona vəsiyyət edib. Belə adamlar var. Sadəcə onları tanımaq, onlara inanmaq, onları dəstəkləmək lazımdır. - Siz eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvüsünüz. Həm Ramiz Mehdiyevin vəzifədən getməsindən sonra, həm fevralın 25-də rəyasət heyətinin iclasında yuxulayan alim kadrlarından sonra AMEA çox gündəmə gəldi. AMEA-nın Azərbaycanda rolu nədir? - Təəssüf ki, AMEA öz potensialından bu gün də tam şəkildə istifadə edə bilmir. AMEA-da çox güclü, son dərəcə söz demək qabiliyyəti olan və seçilən alimlərimiz var. Sadəcə onları bir yerə toplamaq, onlarla bağlı müəyyən məsələləri həll etmək çox vacibdir. Mənə elə gəlir ki, AMEA hələ öz sözünü tam şəkildə deməyib. Yəqin ki, həmin alimlər ordusu öz sözlərini deyə bilər. - Slavyan Universitetinin ilk rektoru olmusunuz. Slavyan dedikdə ağla Rusiya və Ukrayna gəlir. Onlar arasındakı müharibəyə münasibətiniz necədir? - Mən Rus Dili Universitetinin son rektoru və Slavyan Universitetinin ilk rektoru olmuşam. Ulu Öndər məni bu vəzifəyə göndərəndə gözəl bilirdi ki, ixtisasım türkologiyadır. Amma məni slavyan mühitinə göndərdi və onun gizli məramını anladım. Slavyan Universitetində türkoloji istiqamət yaratmağa çalışdım, buna da nail oldum. Bizim universitetə slavyan xalqlarının müxtəlif ölkələrindən xarici nümayəndələr, prezidentlər gəlirdi. Onlar bizim tələbələrin polyak, yaxud çex və ya başqa slavyan dillərində oxuduqları şeirləri eşidəndə gözləri yaşla dolurdu. Bunun şahidi olmuşam. Ona görə də, Rusiya - Ukrayna münasibətlərinin bu dərəcədə, dövlətlər səviyyəsində kəskinləşməsinə heç kim sevinə, bunu müsbət hal saya bilməz. Yəqin ki, zaman gələcək, onlar arasındakı münaqişələrə də son qoyulacaq.  - Bəs Azərbaycanla Rusiyanın əlaqələri necə? - Azərbaycanla Rusiyanın münasibətlərində xüsusi bir kəskinlik hiss etmirəm. Dövlətlərarası münasibət başqa, xalqın münasibəti isə başqa şeydir. Nəyisə sevib- sevməməyimizdən asılı olmayaraq, qonşularla münasibət qurmağı bacarmaq lazımdır. Həmin münasibəti də Rusiya ilə bu gün qura bilmişik. - Bir az insan münasibətlərindən də danışaq. Bəzi kişilər deyir ki, savadsız qadınla evlənmək, onunla yola getmək daha rahatdır, nəinki savadlı qadınla. Amma digərləri bunun əksini düşünür. Bəs siz nə düşünürsünüz? Ümumiyyətlə, Azərbaycan qadınının cəmiyyətdəki rolu nədir? - Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır. Mən bu cür fikirləşirəm. Aralarından xüsusi istedadı nəticəsində üzə çıxıb özünü hansısa dairələrdə göstərə bilən qadınlar olarsa, o bir başqa məsələdir. Amma biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər. Otaqda səssizlik olur. Qadınlarla bağlı fikri məni daha çox təəccübləndirir.- Bu hissəni manşetə çıxararsınız, daha çox oxunar. (Gülürük)- Azərbaycanda ailə institutunun dağıldığını deyirlər. Qadınlarla bağlı xoşagəlməz halların baş verdiyini də görürük. Bəlkə elə bizdəki ailə insitutu dağılıb yenidən qurulmalıdır?- Bu “şiddətə məruz qalırlar” sözünü mən qəbul edə bilmirəm, çünki bəzən kişilər daha çox şiddətə məruz qalır. Amma bu şiddət başqa müstəvidə - mənəvi və daxildə keçirilən əzab-əziyyət formasında baş verir. Niyə kişilər daha tez rəhmətə gedir? Keçirilən o şeylərdən, əzab-əziyyətə dözərək... Bu suala və ailə məsələlərinə birmənalı cavab vermək mümkün deyil və bunu müzakirə obyektinə çevirmək də düzgün deyil. Hər şey həyatda öz yolunu axtarıb tapır. Ona görə də, qadınları da, kişiləri də qınamaq düzgün deyil. Arzu edək ki, o bir-birini anlamayan, amma anlamağa çalışan, bir-birini duymayan, amma duymağa çalışan kişi və qadın arasında münasibətlər bundan sonra daha gözəl olacaq. - Sevgi nədir?- Heç nə və hər şey. - Sizin bir misranız var: “Kimsə yox xatırlamağa, unutmağa da kimsə yox”. Unutmağa və xatırlamağa var kimsə?- Həmişə bir insanın unudulası kimsəsi var. - Sizdə kimdir?- Anam, atam, qohumlarım, dostlarım. Ələlxüsus, o dostlar ki mən qaytara bilmirəm. O dostlarsız indi özümü tək qalmış hiss eləyirəm. Həmin dostlarım yanımda olsaydı, mənim dərdim nə idi? - Darıxırsınız?- Çox, onlar üçün çox. - Kimdir o dostlarınız?- O dostları necə sayım sizə? Yəhya Məmmədov, Ağamusa Axundov, Həsənağa Turabov, Azad Mirzəcanzadə, Vaqif İbrahimoğlu, Niyazi Mehdi və onlarla bu cür insanlar. - Kamal Abdullaya bu yaşında nə maraqlıdır? -  Yeni dostların əhatəsinə alışmaq. Yeni dostlar deyəndə ki... Uzun illərin dostlarıdır, amma yeni-yeni hiss etdik ki, biz bir-birimiz olmadan yaşaya bilmirik.  - İndiki əhvalınızı və yaxud da indiki yaşınızı iki misra ilə ifadə eləmiş olsaydınız, nə olardı?- İki misra ilə? Çalışıram gözəl bir şey axtarıb tapım, tapa bilmirəm:  “Sən çətin tapasan axtardığını, Sən axtardığını itirməyiblər”. Müsahibənin sonunda özümlə gətirdiyim “Sehrbazlar dərəsi” kitabını imzalayır və xatirə fotoları çəkdiririk.Mədinə UseynovaFoto-Video: Xəyal Vəlizadə
Seçilən
33
2
buta.tv

3Mənbələr