AZ

Fransanın sabiq Baş naziri barəsində istintaq başladılıb

Paris, 21 may, AZƏRTAC

Fransanın Maliyyə Cinayətləri üzrə Milli Prokurorluğu sabiq Baş nazir Dominik dö Vilpənə qarşı dövlət vəsaitinin mənimsənilməsinin gizlədilməsi ittihamı üzrə istintaq başladıldığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu iş onun 2002–2004-cü illərdə xarici işlər naziri olarkən aldığı hədiyyə heykəlciklərlə bağlıdır. Prokurorluğun Fransa mediası tərəfindən yayımlanan bəyanatına görə, istintaqın açılmasının səbəbi aprel ayının sonunda “France Télévisions” kanalında yayımlanan “Complément d’Enquête” proqramında səsləndirilən iddialar olub.

Veriliş zamanı “Françafrique” şəbəkələri ilə əlaqələndirilən fransız-livanlı lobbiçi Rober Burji Dominik dö Vilpənə iki Napoleon heykəlciyinin hədiyyə edilməsində vasitəçi rolu oynadığını bildirib. Onun sözlərinə görə, həmin hədiyyələrin maliyyələşdirilməsində Burkina-Fasonun sabiq Prezidenti Blez Kompaore və italiyalı iş adamı Cian Angelo Perruçi iştirak edib.

Rober Burji qeyd edib ki, heykəlciklərdən biri 75 min avroya, digəri isə 50 min avroya alınıb. Beləliklə, hədiyyələrin ümumi dəyərinin təxminən 125 min avro olduğu bildirilir.

2027-ci il Fransa prezident seçkilərində potensial namizəd kimi göstərilən Dominik dö Vilpən mayın 10-da bu hədiyyələri qəbul etməklə səhvə yol verdiyini etiraf edib. Bununla belə, o, hər hansı qanunsuz əməl törətdiyini rədd edib.

İstintaq çərçivəsində hədiyyələrin hansı şəraitdə təqdim edildiyi və onların qəbulunun Fransa dövlət məmurları üçün qüvvədə olan qaydalara əsasən cinayət tərkibi yaradıb-yaratmadığı araşdırılacaq.

Hazırda sabiq Baş nazir bu yeni istintaq qərarı ilə bağlı əlavə açıqlama verməyib.

Seçilən
41
azertag.az

1Mənbələr