AZ

NATO ölkəsi müharibəyə daxil olur - Kremldən sensasion iddia

Rusiya Xarici Kəşfiyyat Xidməti Ukraynanın Rusiyadakı hədəflərə qarşı pilotsuz uçuş aparatlarından istifadə etmək üçün Latviya ərazisindən yararlanmağı planlaşdırdığı barədə iddia irəli sürüb. XKX-nin məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski Avropaya Ukrayna ordusunun döyüş qabiliyyətini nümayiş etdirmək və Rusiya iqtisadiyyatına zərər vermək məqsədi güdür.

Rusiya kəşfiyyatı iddia edir ki, rəsmi Kiyev Latviyanı bu cür əməliyyata razı salmağa çalışıb və artıq pilotsuz uçuş aparatlarının Latviyaya göndərildiyini bildirir.

Bəyanatda həmçinin qeyd olunur ki, müasir kəşfiyyat imkanları dronların buraxılış nöqtələrinin müəyyən edilməsinə imkan verir və Latviya ərazisinin bu cür əməliyyatlarda istifadə olunması halında nəticələrin ola biləcəyi barədə xəbərdarlıq edilib.

XKX həmçinin Latviyanın “qərarvermə mərkəzlərinə” də işarə edərək, ölkənin NATO üzvlüyünün mümkün cavab tədbirlərində maneə olmayacağı mesajını verib.

Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən politoloq Kənan Novruzov bildirib ki, belə məlumatlara tam istinad etmək doğru deyil: "Təbii ki, bu cür xəbərlərin informasiya müharibəsinin tərkib hissəsi olması da mümkündür. Yəqin ki, Ukrayna Rusiyanın bu iddiasına münasibət bildirəcək. İndiki halda Ukraynanın belə bir həmləyə hazırlaşdığını düşünmürəm. Çünki Kiyev anlayır ki, bu, müharibənin Avropaya doğru genişlənməsi olar. Danışıqlar istəyən tərəf buna getməz.

Hazırkı məqamda Rusiya və Ukrayna liderləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüş gözlənilir. Əgər Latviya ərazisindən Rusiyaya zərbələr endirilirsə, bu, mümkün danışıqlara mane olacaq və prosesi mürəkkəbləşdirəcək. Burada da ən çox maraqlı olan Avropadır.

Avropanın müharibəni uzatmaq üçün hansısa təxribat törətməsi istisna deyil. Əgər həm Kiyev, həm də Moskva sülh istəyirsə prosesləri diqqətlə izləməli, mümkün təxribatların qarşısını almalı, ikitərəfli diplomatiyaya üstünlük verməlidir".

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
1
10
musavat.com

10Mənbələr