AZ

Sisianovun ordusunu qoruyan bitki: Bazarda unudulan ŞƏFA otları

Qara Qarayev bazarında yazın sonu, yayın əvvəli başqa bir ab-hava var. Bir tərəfdə al-qırmızı çiyələk, o biri yanda yeni kartof, pomidor… İnsanlar daha çox yeni çıxan meyvə-tərəvəzin başına yığışır, dadına baxır, qiymət soruşur. Amma bazarın içində elə guşələr də var ki, çoxları onların yanından ötüb keçir. Halbuki həmin piştaxtalarda satılan bitkilər nənələrin sandığından çıxmış şəfa xəzinəsinə bənzəyir.

Musavat.com-un əməkdaşı bazarda həmin bitkilərlə maraqlanıb. İlk baxışda mövsümi bitən, nadir bitkiləri görmək olmur, piştaxtalarda əsasən təzə çıxan nanə, reyhan, ispanağı əvəz edən çuğundur yarpağı, keşniş və şüyüd satılır. Xeyli gəzəndən sonra kənddən gətirilmiş müxtəlif otların satıldığı kiçik bir piştaxta diqqətimizi çəkir. Satıcı adının çəkilməsini istəmir, amma bitkilərdən danışanda sanki ayrı aləmə düşür.

Əlini uzun, incə gövdəli yaşıl ota uzadıb deyir:

– Bu, boyanadır… Tumlayanda raziyana olur. Ağsu boyanası deyirlər buna. Çox adam tanımır, amma dəyəri böyükdür.

Yanımızdakı başqa bir satıcı söhbətə qarışır. Danışdıqca səsi də coşur:

– Deyirlər, vaxtilə Sisianovun ordusu Ağsunun yanında qalmışdı, soyuqdan qırılırmış. Boyananın kolluğunu yandırıb qızınıblar. Kolluğu iki metrə qədər olur, elə-belə ot deyil.

Satıcı boyananı əlinə alıb göstərir:

– Bu ot 7 il eyni yerdə kök salıb bitir. Həm özündən, həm də toxumundan istifadə olunur. Qədimdən uşaqların qaz sancısına veriblər. İndi də çox alan var.

Doğrudan da, raziyanın özünəməxsus kəskin iyi uzaqdan hiss olunur.

Bir neçə addım aralıda yaşlı alıcı əlindəki torbanı uzadıb başqa bir otu göstərir:

– Mənə bundan yarım kilo çək.

Soruşuruq nə otudur?

Qadın gülümsəyir:

– Yol otudur. Canlara dərmandır. Hər il bu vaxtı alıram, qurudub saxlayıram. Təzyiqə görə içirəm. Qutabın da ləzzətini dəyişir.

Piştaxtada yan-yana düzülmüş başqa göyərtiləri göstərən satıcı birini götürüb dillənir:

– Bu da salmancadır. Bəzi yerlərdə qumluca deyirlər. Yağlı göyərtidir. Dovğaya vururam, kətəyə qatırlar. Yayda tapmazsan, bunun vaxtı elə indidir.

Bir qədər düşünəndən sonra əlavə edir:

– Deyirlər, mədəyə yaxşı gəlir, ürəkbulanmanı azaldır, qazı götürür. Qocalmanı da gecikdirirmiş, bəzi yerlərdə xərçəngin qarşısını aldığı da deyilir.

Yanındakı dəstəni qaldırır:

– Bax, bu da boççadır… Gədəbəydən gəlir. Əsl adı bozala sayılır. Səhər gün düşəndə rəngi bozlaşır, axşam yığanda yenə yaşıllaşır. Sarımsaqlı qatıqla yeyəndə dadına doymaq olmur. Mədə-bağırsağa, qan dövranına xeyirlidir.

Satıcının səsində qəribə bir təəssüf də hiss olunur:

– Quluncar ötən həftə var idi, mövsümü bitdi artıq. Elə ot var ki, bir həftə geciksən, daha tapa bilməzsən.

Bu vaxt gözümüz bazarın çoxlarının yanından ötüb keçdiyi bir məhsuluna sataşır – təzə paxlaya.

Seçilən
4
1
aznews.az

2Mənbələr