İttihamlar 1996-cı ildə Kuba Hərbi Hava Qüvvələrinin ABŞ təyyarələrini vurması hadisəsi ilə bağlı olub...
ABŞ administrasiyası Kubanın keçmiş lideri Raul Kastro barəsində rəsmi ittiham irəli sürüb.
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi ABŞ prezidenti Donald Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ittihamlar 24 fevral 1996-cı ildə Kuba Hərbi Hava Qüvvələrinin “Brothers to the Rescue” müxalif qrupuna aid üç ABŞ təyyarəsindən ikisini vurması hadisəsinə aid edilib. Bildirilib ki, həmin təyyarələr Kuba hava məkanını pozub.
Hadisə nəticəsində bir neçə nəfər həlak olub və bu insident uzun illər ABŞ ilə Kuba arasında münasibətlərdə ciddi gərginlik mənbələrindən biri kimi qiymətləndirilib.
Qeyd olunub ki, “Brothers to the Rescue” təşkilatı kubalı miqrantlar tərəfindən yaradılmış humanitar qurum olub. Təşkilat əsasən dənizdə təhlükə ilə üzləşən miqrantların xilas edilməsi fəaliyyəti ilə tanınıb, lakin Havana onu müxalif fəaliyyət göstərməkdə ittiham edib.
Poliqon.info