Bakı, 20 may, AZƏRTAC
Azərbaycan artıq bir neçə ildir ki, innovasiyalar sahəsində, həmçinin dünyanın gələcəkdə necə görünməli olduğu barədə öz səsini çox fəal şəkildə ucaldır. Biz Azərbaycanın bir neçə il əvvəl COP29-a hazırlıq çərçivəsində nümayiş etdirdiyi liderliyi və ondan sonra COP30-a hazırlığa dəstək məqsədilə görülən bütün işləri unutmamalıyıq.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) şöbə rəhbəri Riccardo Savigliano deyib.
O vurğulayıb ki, Azərbaycan icmaların və cəmiyyətlərin gələcəyinə yönəlmiş prinsiplərlə çıxış edir: “Bu siyasətə şəhər ərazilərinin inkişafı da daxildir. Həmçinin WUF13-ə bu cür gözəl şəkildə ev sahibliyi, Azərbaycanın liderliyini yalnız regionda deyil, qlobal miqyasda nümayiş etdirir”.
Forum iştirakçısı səfər çərçivəsində Şuşanı da ziyarət edəcəyini bildirib.
Operator - İlham Nadirov