Hazırda Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) forumu yalnız şəhərsalma və dayanıqlı inkişaf məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma deyil, eyni zamanda təhsil və elm sahəsində yeni əməkdaşlıq imkanları yaradan mühüm tədbir kimi də qiymətləndirilir. Forum çərçivəsində müxtəlif ölkələrdən universitet nümayəndələrinin, elm adamlarının və ekspertlərin bir araya gəlməsi Azərbaycan ali təhsil müəssisələri üçün də yeni perspektivlər açır.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nicat Abdullayev bildirdi ki, AzMİU ölkəmizdə beynəlxalq əlaqələri ən geniş olan ali təhsil müəssisələrindən biridir:

"Hətta deyərdim ki, beynəlxalq əlaqələr baxımından universitetimiz ilk üçlükdə yer alır. Universitetdə Avropa, Amerika və Türkiyə universitetləri ilə birgə 12 ikili diplom proqramı icra olunur. Bununla yanaşı, qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanmış çoxsaylı universitetlərlə sıx əlaqələrimiz və birgə fəaliyyətimiz var. Ümumdünya Şəhərsalma Forumu çərçivəsində isə artıq mühüm addımlar atılıb. Belə ki, ölkəmizdə səfərdə olan Kiyev Dövlət Memarlıq və İnşaat Universiteti ilə dünən memorandum imzaladıq. Memorandumda geniş əməkdaşlıq məsələləri əks olunub. Bundan əlavə, Fələstinin Yerli Özünüidarəetmə naziri, universitetimizin keçmiş məzunu olaraq, ali təhsil müəssisəmizdə səfərdə oldu. O, rektor və pedaqoji heyətlə görüş keçirdi. Həm fələstinli nazirin, həm də Fələstin dövlətinin ölkəmizdəki səfirinin açıqlamalarında Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlıq etmək istədikləri vurğulandı. Düşünürəm ki, məhz bu forum sayəsində yaxın gələcəkdə Fələstin universitetləri ilə də əməkdaşlıq qurulacaq. Eyni zamanda Fələstin gənclərinin Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alması üçün memorandum və müqavilələrin imzalanması gözlənilir".
NURİYYƏ