ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Prezident İlham Əliyevin VUF13 forumu çərçivəsində qaz ixracı ilə bağlı verdiyi açıqlama Azərbaycanın enerji siyasətinin uğurlarını bir daha göstərir. Bu gün Azərbaycanın boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada ön sıralarda olması təsadüfi deyil. Son illərdə həyata keçirilən böyük enerji layihələri, xüsusilə Cənub Qaz Dəhlizi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə səbəb olub".
Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov qeyd etdi.
Onun sözlərinə görə, hazırda Avropa İttifaqının 10 üzv dövləti daxil olmaqla ümumilikdə 12 Avropa ölkəsinin Azərbaycandan qaz alması ölkəmizə olan etimadın göstəricisidir.
"Çünki bu gün Avropada enerji təhlükəsizliyi məsələsi prioritet mövzulardan biridir və bir çox dövlətlər enerji mənbələrinin şaxələndirilməsinə xüsusi önəm verir. Azərbaycan isə həm etibarlı tərəfdaş, həm də sabit təchizatçı kimi özünü təsdiqləyib.
Dövlət başçısının qeyd etdiyi kimi, gələcəkdə bu ölkələrin sayının artacağı gözləniləndir. Xüsusilə Balkan regionunda yerləşən dövlətlərin, həmçinin Mərkəzi və Şərqi Avropa ölkələrinin Azərbaycan qazına marağı artır. Enerji infrastrukturunun genişlənməsi və yeni interkonnektor layihələrinin həyata keçirilməsi nəticəsində gələcəkdə daha çox Avropa ölkəsi Azərbaycan qazından istifadə edə bilər. Bununla yanaşı, yaşıl enerji layihələrinin inkişafı da Azərbaycanın enerji strategiyasının mühüm hissəsinə çevrilir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “yaşıl enerji zonası” layihələri ölkənin gələcəkdə həm qaz, həm də alternativ enerji ixrac edən dövlət kimi mövqeyini daha da gücləndirə bilər. Ümumilikdə, Prezident İlham Əliyevin açıqlaması göstərir ki, Azərbaycan artıq yalnız regionun deyil, Avropanın enerji xəritəsində strateji əhəmiyyətə malik ölkələrdən biridir. Bu siyasət həm ölkə iqtisadiyyatının inkişafına xidmət edir, həm də Azərbaycanın beynəlxalq nüfuzunu artırır", - deyə millət vəkili vurğuladı.
Aytəkin TOFİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.