AZ

Prezidentin xüsusi nümayəndəsi: Bütün mümkün alternativ enerji həllərindən istifadə edəcəyik

"Biz bütün mümkün alternativ enerji həllərindən istifadə edəcəyik".

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində BMTM tərəfindən təşkil edilən “Urbisid və onun nəticələrinə dair" panel sessiyasında Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

“Prezidentin sərəncamı ilə Cəbrayılda artıq 19-dan çox rezidenti olan azad iqtisadi zona yaradılıb. Bu da həmin ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi baxımından əsas amillərdən biridir. Qeyd etmək istədiyim mühüm məsələlərdən biri də dayanıqlılıq və yaşıl enerji məsələsidir. Bu ərazilər Azərbaycan Prezidenti tərəfindən “yaşıl enerji zonası” elan olunub. Bu o deməkdir ki, biz bütün mümkün alternativ enerji həllərindən istifadə edəcəyik. Yaşayış evlərinin və binaların damlarında günəş panelləri quraşdırılır. Ərazilərin yüksək günəş enerjisi potensialını nəzərə alaraq, bp və digər xarici investorlar artıq investisiya layihələrinin icrasına başlayıblar. Hazırda Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyası tikilir və əlavə 100 meqavatlıq layihələr də həyata keçirilir. Bundan başqa, bizdə ümumi gücü təxminən 45 meqavat olan beş su elektrik stansiyası fəaliyyət göstərir. Göründüyü kimi, bu ərazilərdə kifayət qədər böyük enerji potensialı formalaşdırılır. Bu enerji bütün Qarabağın tələbatını ödəməyə kifayət edir və artıq qalan hissə digər ölkələrə satıla və ixrac edilə bilər”, - o qeyd edib.

Seçilən
13
3
apa.az

4Mənbələr