AZ

Fakültələr sadəcə diplom vermək üçün deyil, Qarabağın inkişaf modelinə uyğun şəkildə qurulmalıdır AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Qarabağ Universitetində kənd təsərrüfatı fakültəsinin tikintisi ilə bağlı hazırlıqlara başlanılıb.

Bəs Qarabağ Universitetində daha hansı fakultələr açılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, Qarabağ Universiteti üçün fakültə seçimi yalnız ənənəvi istiqamətlər üzrə deyil, bölgənin real ehtiyaclarına uyğun qurulmalıdır. Onun fikrincə, kənd təsərrüfatı fakültəsinin yaradılması doğru addımdır:

"Çünki Qarabağın torpaq və iqlim potensialı böyükdür. Bununla yanaşı, bir neçə vacib istiqamət də açılmalıdır. Mən düşünürəm ki, mədən mühəndisliyi və geologiya istiqamətləri də yaradılmalıdır. Çünki Qarabağın zəngin yeraltı sərvətləri var və bu sahədə yerli mütəxəssis hazırlığı vacibdir. Əlavə olaraq memarlıq istiqaməti də mümkün ola bilər. Çünki işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparılır. Şəhərsalma, kənd planlaşdırılması və bərpa memarlığı üzrə kadr çatışmazlığı mövcuddur. Ekologiya istiqamətində də imkanlar genişləndirilməlidir. Çünki müharibədən sonra yaranan ekoloji problemlər, minatəmizləmə prosesi və su ehtiyatlarının idarə olunması məsələlərinə xüsusi diqqət ayrılmalıdır. Ən önəmli məsələ isə odur ki, fakültələr sadəcə diplom vermək üçün deyil, Qarabağın inkişaf modelinə uyğun şəkildə qurulmalıdır. Qarabağa ayrılan diqqət və qayğı, həmçinin yüksək potensiallı kadrların bu bölgəyə göndərilməsi həmin fakültələrin, xüsusilə də kənd təsərrüfatı fakültəsinin inkişafına ciddi töhfə verəcək".

Ekspert hesab edir ki, kənd təsərrüfatı fakültəsi ən prioritet istiqamətlərdən biri ola bilər:

"Çünki bölgənin iqtisadi potensialının böyük hissəsi aqrar sahə ilə bağlıdır. Amma burada əsas məsələ kənd təsərrüfatı üzrə kadrların müasir və praktik yönümlü formada hazırlanmasıdır. Hətta deyərdim ki, aqronomluq, baytarlıq, aqrar mühəndislik, suvarma sistemləri, meliorasiya və heyvandarlıq istiqamətlərinin Qarabağda olması çox önəmlidir. Qarabağ əraziləri uzun illər istifadəsiz qaldığı üçün torpaqların yenidən analiz olunmasına, düzgün əkin planlaşdırılmasına və müasir texnologiyalara ciddi ehtiyac yaranacaq. Əgər bu fakültə praktik bazalar, pilot təsərrüfatlar və fermer əməkdaşlıqları əsasında qurularsa, düşünürəm ki, ölkənin ən güclü kənd təsərrüfatı mərkəzlərindən birinə çevrilə bilər. Ən vacib məqam isə odur ki, tələbə burada yalnız nəzəriyyə deyil, real istehsalat prosesini də görməlidir. Əks halda, kənd təsərrüfatı fakültəsi də ənənəvi universitetlərdə gördüyümüz nəzəri ixtisaslardan birinə çevriləcək. Amma Qarabağa ayrılan investisiya, Qarabağ Universitetinə göstərilən diqqət və ən savadlı kadrların bu istiqamətə cəlb olunması kənd təsərrüfatı sahəsində praktik və müasir texnologiyalardan istifadə edə bilən mütəxəssislərin hazırlanmasına əsas yarada bilər".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
redaktor.az

2Mənbələr