Əvvəllər Azərbaycanda şəhər idarəçiliyində, bütün qərarlar demək olar ki, statistik məlumatlara əsaslanırdısa bu gün bu proses kosmik texnologiyaların köməyi ilə həyata keçirilir.
"Report" xəbər verir ki, bunu Kosmik Agentliyin ("Azərkosmos") Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov Bakıda keçirilən Ümümdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərin daha keyfiyyətli məlumatlarla imkanlarının genişləndirilməsi - siyasətin formalaşdırılması və qərarların qəbulu üçün əlçatan və tətbiq oluna bilən məlumatlar" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu gün məlumat əldə etmək problem deyil, çünki dünya miqyasında çoxlu açıq məlumat var: "Məlumatların sahibləri olaraq biz onlardan necə faydalana biləcəyimizi anlayırıq. Lakin bu kifayət deyil. Biz bu həlləri təşkilatlara onların öz dilində, onların öz anlayışında təqdim etməyə çalışırıq. Məsələn, biz "Platera" üzərində işləyirik – bu, geo-süni intellektə əsaslanan platformadır və hər bir əlaqəli təşkilat üçün avtomatik olaraq həllər təqdim edir. Bir neçə nümunə gətirəcəyəm. Şəhər idarəçiliyi baxımından platforma açıq məlumatlardan istifadə edir və müxtəlif məlumat mənbələri üçün də seçimlər var. Bir neçə dəqiqə ərzində binaların əsas konturlarını yaratmaq, şəhər ərazilərində hər hansı dəyişiklikləri, yaşıl zonaları və açıq su obyektlərini aşkar etmək mümkündür".
Qonaq əlavə edib i, təkcə ərazini deyil, həm də suyun keyfiyyətini, yaşıl sahələrin keyfiyyətini və yaşıl zonaların sağlamlığını anlamaq da vacibdir: "Bu platformanın əsas hədəfi bütün CİS texnologiyasını və məsafədən zondlama texnologiyasını bir əldə birləşdirməkdir, yəni istifadəçilərdən bu sahədə heç bir bilik və ya hər hansı xüsusi alətlər tələb olunmur. Bu buludəsaslı platforma emal üçün infrastruktur da tələb etmir. Kosmik Agentlik olaraq, bizim əsas missiyamız Azərbaycanda kosmik məlumatlılığı artırmaq və əlaqəli təşkilatlara kosmik məlumatlardan faydalanmaq üçün həllər təqdim etməkdir".