AZ

BMT rəsmisi: Resursların dayanıqlı idarə edilməsi olmadan şəhərlərin dayanıqlı gələcəyi qeyri-mümkündür  

Bəşəriyyət hər il 400 milyon tondan çox plastik istehsal edir. Milyonlarla ton plastik material çaylara, göllərə, dənizlərə, həmçinin insan orqanizminə qədər nüfuz edir.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şəhər Əsas Xidmətlər Bölməsinin rəisi Andre Dzikus Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Plastik çirklənmə ilə mübarizə: yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

A.Dzikus bildirib ki, plastik çirklənmənin böyük hissəsi şəhərlərdə və ya onların ətrafında formalaşır. Onun sözlərinə görə, buna istehlak vərdişləri, tullantıların toplanması sisteminin zəifliyi, qeyri-qanuni tullantıların atılması, habelə çeşidləmə, təkrar istifadə və emal üçün kifayət qədər infrastrukturun olmaması səbəb olur.

“UN-Habitat üçün başlanğıc nöqtəsi aydındır: resursların dayanıqlı idarə edilməsi olmadan şəhərlərin dayanıqlı gələcəyini təmin etmək qeyri-mümkündür. Şəhərlər yalnız tullantıların yarandığı yerlər deyil, həm də effektiv həll yollarının hazırlandığı, sınaqdan keçirildiyi və tətbiq edildiyi məkanlardır. Tullantılarını düzgün idarə edən şəhər, eyni zamanda, daha yaxşı planlaşdırılan, ictimai sağlamlığı yüksək səviyyədə qoruyan, öz icmalarına keyfiyyətli xidmət göstərən və resurslardan daha səmərəli istifadə edən şəhərdir. Bu baxımdan, plastik çirklənmə ilə mübarizə ikinci dərəcəli məsələ deyil. Bu, yığcam, inteqrasiya olunmuş, inklüziv və yaşamaq üçün əlverişli şəhərlərin qurulmasının mühüm tərkib hissəsidir”, - deyə o əlavə edib.

Seçilən
1
2
azerbaijan-news.az

3Mənbələr