Şəhər parkları, sahil zonaları və məktəb həyətləri yalnız yaşıllıq sahələri kimi deyil, aktiv ictimai məkanlar kimi istifadə olunmalıdır.
“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Şəhərlər oyun və idman məkanları kimi” adlı xüsusi sessiyada Milli Olimpiya Komitəsinin Xarici Əlaqələr Departamentinin direktoru Anar Bağırov deyib.
Onun sözlərinə görə, bir çox şəhərlərdə idman infrastrukturunun inkişafı üçün kifayət qədər məkan və təcrübə mövcuddur. Əsas problem resurs çatışmazlığından daha çox, mövcud imkanların düzgün əlaqələndirilməməsidir.
Anar Bağırov qeyd edib ki, şəhərlər infrastruktur və çıxış imkanlarını təmin edir, idman qurumları isə məzmun, məşqçi heyəti və ictimai marağı formalaşdırır. O bildirib ki, Azərbaycanda Olimpiya Günü və digər kütləvi idman tədbirləri vasitəsilə ictimai məkanlardan fəal istifadə olunur və hər il minlərlə gənc bu təşəbbüslərə qoşulur.
Anar Bağırov vurğulayıb ki, şəhərlər və idman institutları birgə fəaliyyət göstərdikdə idman şəhər həyatının gündəlik tərkib hissəsinə çevrilir.