Apa.az saytına istinadən ain.az xəbər verir.
Mənzil əlçatanlığı böhranının həlli üçün təkcə özəl sektorun iştirakı kifayət etmir və bazar iştirakçıları keçid dövrünün risklərini üzərinə götürmək istəmirlər.
APA xəbər verir ki, bunu Afrikanın Şəhərlər Mərkəzinin qurucu direktoru və qlobal cənub şəhərlərinin gələcəyi üzrə aparıcı beynəlxalq ekspert Edqar Pieterse Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İqlim və Mənzil Əlaqəsi" adlı tədbirdə bildirib.
O qeyd edib ki, aparılan araşdırmalar çərçivəsində banklar, tikinti şirkətləri, sığorta qurumları, audit firmaları və podratçılar daxil olmaqla bütün tikinti zəncirinin iştirakçıları ilə müsahibələr keçirilib. Pietersenin sözlərinə görə, bütün tərəflər problemin mövcudluğunu qəbul etsə də, heç kim davamlı və ekoloji həllərə keçidin maliyyə yükünü və riskini paylaşmağa hazır deyil.
Ekspert vurğulayıb ki, yalnız təşviq mexanizmləri kifayət deyil və bazar iştirakçılarını davranış dəyişikliyinə məcbur edən sərt tənzimləmə alətləri də tətbiq olunmalıdır: “Karbon tutumlu və qeyri-davamlı tikinti metodlarını davam etdirənlər üçün əlavə vergi və cərimə mexanizmləri tətbiq edilməlidir. Əks halda heç kim keçid xərclərini paylaşmaq üçün real danışıqlara gəlməyəcək”.
Edqar Pieterse peyk şəhərlərlə bağlı məsələyə də toxunaraq bildirib ki, bu yanaşma hər region üçün eyni nəticəni vermir. Onun sözlərinə görə, Avropada əhalinin azalması problemi mövcud olan şəhərlərdə peyk şəhərlər həll yolu sayılmır, çünki həmin şəhərlər artıq iqtisadi və sosial dayanıqlıq problemi ilə üzləşirlər: "Afrika ölkələrində isə vəziyyət fərqlidir. Bir iri şəhər və çoxsaylı kiçik şəhərlərdən ibarət urbanizasiya modeli peyk şəhər ideyasını cəlbedici göstərsə də, təcrübə bunun həmişə işləmədiyini göstərir. İnsanlar yenə də böyük şəhərlərə üz tutur. Çünki iş imkanları, təhsil, səhiyyə və sosial mobillik imkanları əsasən həmin şəhərlərdə cəmləşib”.
O əlavə edib ki, sıfırdan peyk şəhərlərin qurulması çox böyük maliyyə tələb edir və bu, əlavə xərc yaradır: “Daha məqsədəuyğun yanaşma mövcud şəhər mərkəzlərini yeniləmək, həmin ərazilərdə adekvat mənzil problemini həll etmək və infrastrukturu gücləndirməkdir”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.