Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rosin Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibədə məhdud seçimlərlə üzləşdiyini söyləyib. Rosin Qərb sanksiyalarının Rusiya resurslarını tükəndirdiyini və rus ordusunun cəbhədə əhəmiyyətli irəliləyiş əldə etməsinə mane olduğunu bildirib.
Hafta.az yazır ki, “Reuters”ə danışan Rosin müharibənin beşinci ilində cəbhə xəttində itkin düşən əsgərlərin sayının yeni əsgərlərin sayını keçdiyini söyləyərək əlavə edib ki, ümumi səfərbərlik elan edilməsi Rusiya xalqı arasında son dərəcə populyar deyil və daxili sabitliyi poza bilər.
Rosin deyib: “Bütün bu amillər bir araya gəldikdə, Rusiyada bəzi insanlar, hətta yüksək vəzifəli dairələr də böyük bir problemlə üzləşdiklərini başa düşürlər. Putinin bunu necə qiymətləndirdiyini demək çətindir, amma düşünürəm ki, bu elementlər qərar qəbuletmə prosesində əks olunmağa başlayır”.
Rosin Rusiyada maliyyə vəziyyətinin pisləşməsinin əsas səbəbinin maliyyə sektorunu hədəf alan sanksiyalar olduğunu bildirdi və əlavə edib: “Onlar çox ciddi təsir göstərir”. O, həmçinin Rusiyanın neft ixracına qoyulan sanksiyaların Moskvanın gəlirlərini məhdudlaşdırdığını söyləyib.
O bildirib ki, "Mesajım budur: Gəlin sanksiyalarla irəliləməyə davam edək. İndi tərəddüd vaxtı deyil".
Estoniya NATO və Avropa İttifaqı daxilində Ukraynanın ən güclü tərəfdarlarından biri kimi seçilir və Tallin hökuməti müttəfiqlərini Moskvaya təzyiqi artırmağa çağırmağa davam edir.
Qeyd olunur ki, Rusiya qüvvələri son aylarda 2023-cü ildən bəri Ukraynada ən yavaş irəliləyişlərindən birini əldə edib, Rusiya iqtisadiyyatı isə ilin birinci rübündə 0,3 faiz azalıb.
Lakin Putin iddia edir ki, hökumətin iqtisadiyyatı dəstəkləmək üçün gördüyü tədbirlər müsbət nəticələr verməyə başlayıb.