“D-8 bölgəsində davamlı şəhərlərin enerji keçidlərinin şəhər inkişafı gündəmləri ilə uyğunlaşdırılması” adlı tədbirdə dayanıqlı urbanizasiya, yaşıl enerji keçidi, post-münaqişə dövründə şəhərsalma və iqlim dayanıqlılığı məsələləri müzakirə olunub.
Hafta.az xəbər verir ki, tədbir WUF13 çərçivəsində təşkil edilib.
Tədbirdə çıxış edən WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, bərpaolunan enerji layihələrinin genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dayanıqlı şəhər inkişafı Azərbaycanın uzunmüddətli iqtisadi və ekoloji strategiyasının əsas istiqamətlərindəndir.
Onun sözlərinə görə, həyata keçirilən enerji və şəhərsalma layihələri yeni iş yerlərinin yaradılmasına, həyat keyfiyyətinin yüksəldilməsinə, investisiya axınının güclənməsinə və innovasiyaların təşviqinə mühüm töhfə verir. Anar Quliyev qeyd edib ki, ölkədə icra olunan bərpaolunan enerji layihələri nəticəsində enerji balansında yaşıl enerjinin payının 13 faizdən təxminən 38 faizə çatdırılması hədəflənir və 2032-ci ilədək ümumi bərpaolunan enerji gücünün 8 giqavata yüksəldilməsi planlaşdırılır.
Komitə sədri vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri “daha yaxşı bərpa et” prinsipi əsasında qurulur. Bildirilib ki, həmin ərazilərdə ağıllı şəhər və ağıllı kənd konsepsiyalarına uyğun dayanıqlı yaşayış məntəqələri formalaşdırılır və artıq 80 mindən çox insan doğma torpaqlarına qayıdıb.
Tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Parviz Shahbazov qeyd edib ki, şəhərlər qlobal enerji istehlakının təxminən 70 faizini və istixana qazı emissiyalarının əhəmiyyətli hissəsini təşkil edir. Nazir bildirib ki, Azərbaycan enerji keçidini strateji prioritet kimi müəyyən edib və bu istiqamətdə “yaşıl enerji zonaları”, enerji dəhlizləri və enerji səmərəliliyi layihələri həyata keçirilir.
Pərviz Şahbazov diqqətə çatdırıb ki, gələn il ümumi gücü 2 giqavat olan 12 günəş və külək elektrik stansiyasının istismara verilməsi başa çatacaq. Bunun nəticəsində ildə təxminən 2,4 milyon ton istixana qazı emissiyasının qarşısının alınacağı bildirilib.
Nazir əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “yaşıl enerji zonası” çərçivəsində ağıllı şəhər və ağıllı kənd layihələri həyata keçirilir. Həmin ərazilərdə günəş panelləri, enerji səmərəli texnologiyalar və elektrik doldurma infrastrukturu tətbiq olunur.
Pakistan İslam Respublikasının İqlim Dəyişikliyi və Ətraf Mühitin Əlaqələndirilməsi üzrə Federal naziri Dr. Musadik Masood Malik isə çıxışında enerji keçidinin əsas məqsədinin insanların ləyaqətli və inklüziv həyat şəraitinin təmin olunması olduğunu bildirib.
Onun sözlərinə görə, enerji sistemləri yalnız iqtisadi inkişafın deyil, həm də insanların gündəlik həyatının, sosial rifahının və təhlükəsiz yaşayışının əsas dayaqlarından biridir. Nazir vurğulayıb ki, günəş, külək və su kimi təbii resursların səmərəli istifadəsi şəhərlərin dayanıqlı inkişafında mühüm rol oynayır.
Tədbirdə çıxış edən İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi Sohail Mahmood isə Azərbaycanın WUF13-ə ev sahibliyini yüksək qiymətləndirib. O bildirib ki, WUF13-ün Bakıda keçirilməsi COP29-dan sonra Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində növbəti uğurudur.
Çıxışçılar dayanıqlı şəhərlərin formalaşdırılması üçün beynəlxalq əməkdaşlığın, yaşıl enerji keçidinin və innovativ şəhərsalma yanaşmalarının vacibliyini vurğulayıblar.
Açılış nitqlərindən sonra tədbir D-8 ölkələrinin nazir və nazir müavinlərinin çıxışları davam edib.
Dialoq dayanıqlı şəhərlərin inkişafında şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dayanıqlılığı məsələləri üzrə qlobal dialoq və əməkdaşlıq üçün mühüm beynəlxalq platforma rolunu oynayıb.





