ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi son müsahibə həm regional proseslər, həm də Azərbaycanın xarici siyasəti baxımından diqqət çəkən mesajlarla yadda qaldı. Müsahibədə əsas vurğular Azərbaycanın regionda sabitlik və əməkdaşlıq tərəfdarı olması, postmünaqişə dövründə yeni siyasi reallıqların formalaşması və beynəlxalq tərəfdaşlarla münasibətlərin genişləndirilməsi üzərində qurulub.Bu barədə danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli Demokrat.az-a bildirib ki, Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi Azərbaycanın müasir geosiyasi və geoiqtisadi strategiyasının əsas konturlarını ortaya qoyan mühüm siyasi mesajlar toplusu kimi diqqət çəkir:
"Müsahibədə şəhərsalma siyasəti, postmünaqişə dövründə bərpa prosesi, enerji diplomatiyası və regional təhlükəsizlik məsələlərinin paralel şəkildə təqdim olunması təsadüfi deyil. Bu yanaşma Azərbaycanın həm də qlobal proseslərdə funksional rol oynayan dövlət modeli formalaşdırdığını göstərir.Əslində, müsahibənin ana xəttini təşkil edən əsas məqam Azərbaycanın son illərdə formalaşdırdığı çoxvektorlu strategiyanın siyasi fəlsəfəsidir. Burada həm yumşaq güc elementləri, həm enerji təhlükəsizliyi, həm də diplomatik balans siyasəti vahid konsepsiya daxilində təqdim olunur.13-cü Dünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ölkənin təkcə beynəlxalq tədbirə ev sahibliyi kimi qiymətləndirilə bilməz. 182 ölkədən 40 mindən çox iştirakçının qatıldığı forum Azərbaycanın qlobal dialoq platforması dövlətinə çevrilmək strategiyasının tərkib hissəsidir. Xüsusilə COP29 kimi nəhəng beynəlxalq tədbirdən sonra belə bir forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq legitimlik və etibarlılıq kapitalının artdığını göstərir".Deputat deyib ki, Prezident İlham Əliyevin forumu “Azərbaycana göstərilən hörmətin bariz nümunəsi” kimi təqdim etməsi diplomatik ritorikadan daha artıq məna daşıyır:"Çünki müasir beynəlxalq münasibətlər sistemində böyük tədbirlərə ev sahibliyi etmək dövlətin siyasi etibarlılığına, təhlükəsizlik mühitinə və beynəlxalq əməkdaşlıq qabiliyyətinə verilən qiymətdir.Müsahibədə xüsusi vurğulanan “tarixi-memarlıq irsinin qorunması ilə müasirləşmənin uzlaşdırılması” fikri isə Azərbaycanın urbanizasiya modelinin ideoloji əsasını nümayiş etdirir. Bu yanaşma xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma siyasətində özünü daha aydın göstərir. Burada məqsəd yalnız yeni yaşayış məntəqələri tikmək deyil, həm də milli-mədəni yaddaşı müasir texnoloji idarəetmə ilə sintez etməkdir.Bu baxımdan WUF13 Azərbaycanın yumşaq güc strategiyasının yeni mərhələsi kimi qiymətləndirilə bilər. Əgər əvvəlki mərhələdə əsas vurğu enerji və nəqliyyat layihələri üzərində idisə, hazırkı mərhələdə humanitar diplomatiya, şəhərsalma siyasəti və dayanıqlı inkişaf konsepsiyası ön plana çıxır.Müsahibənin ən diqqət çəkən istiqamətlərindən biri də postmünaqişə dövründə həyata keçirilən yenidənqurma siyasətinin misilsiz təcrübə kimi təqdim edilməsidir. Həqiqətən də, qısa müddət ərzində paralel şəkildə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri beynəlxalq miqyasda nadir nümunələrdən biri hesab oluna bilər.307 meqavat hidroenerji, 340 meqavat günəş enerjisi layihələri, onlarla tunel və yüzlərlə körpünün inşası Azərbaycanın Qarabağ və Şərqi Zəngəzuru klassik bərpa zonasına deyil, gələcəyin texnoloji və enerji baxımından dayanıqlı məkanına çevirmək niyyətini nümayiş etdirir".O qeyd edib ki, “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi də bu baxımdan mühüm əhəmiyyət daşıyır:"Çünki burada söhbət sadəcə yeni infrastrukturlardan getmir, məqsəd idarəetmə, enerji istehlakı, nəqliyyat, sosial xidmətlər və rəqəmsal idarəetmənin vahid inteqrasiya olunmuş modelinin qurulmasıdır.
Eyni zamanda, beş il ərzində 85 min insanın doğma yurdlarına qaytarılması dövlət idarəçiliyinin effektivliyi baxımından da mühüm faktor kimi təqdim edilir. Çünki postmünaqişə dövrünün uğuru yalnız fiziki bərpa ilə deyil, əhalinin həmin ərazilərdə dayanıqlı məskunlaşması ilə ölçülür.Azərbaycanın enerji siyasəti son illərdə yeni mərhələyə daxil olub. Əgər əvvəlki dövrdə əsas məqsəd enerji resurslarının dünya bazarına çıxarılması idisə, hazırda əsas prioritet enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrilməkdir.Prezident İlham Əliyevin müsahibədə vurğuladığı əsas məqamlardan biri Azərbaycanın boru kəməri vasitəsilə 16 ölkəyə qaz ixrac etməsi və onların 10-nun Avropa İttifaqına üzv dövlətlər olmasıdır. Bu göstərici Azərbaycanın artıq Avropanın strateji enerji tərəfdaşlarından biri statusuna yüksəldiyini göstərir.Avropa İttifaqı ilə əməkdaşlığın səmərəli tərəfdaşlıq kimi xarakterizə olunması xüsusilə diqqət çəkir. Çünki 2022-ci ildən sonra Avropanın enerji təhlükəsizliyi arxitekturasında ciddi dəyişikliklər baş verib və bu dəyişikliklər Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artırıb.Yeni yataqların istismara verilməsi perspektivi də Azərbaycanın uzunmüddətli enerji strategiyasının davamlı xarakter daşıdığını göstərir. Xüsusilə yaşıl enerji layihələrinin paralel şəkildə inkişaf etdirilməsi gələcəkdə Azərbaycanın həm ənənəvi, həm də alternativ enerji bazarında mövqelərini gücləndirə bilər.
Müsahibədə diqqət çəkən məqamlardan biri də Hörmüz boğazı ətrafında yaranan gərginliyə verilən reaksiyadır. Prezident İlham Əliyevin “bu böhran bizə ciddi təsir göstərmir” fikri əslində Azərbaycanın uzun illər ərzində həyata keçirdiyi şaxələndirmə siyasətinin nəticəsi kimi təqdim olunur.Bu siyasət iki əsas istiqaməti əhatə edir. Bunlardan birincisi marşrutların şaxələndirilməsi və tərəfdaşların coğrafi genişləndirilməsi, digəri isə Azərbaycanın enerji və nəqliyyat infrastrukturunu alternativ marşrutlar üzərində qurmasıdır ki, bu da ölkəni regional böhranların yaratdığı risklərdən qoruyur.Digər mühüm məqam isə neft qiymətlərinin artımının investisiya bazarındakı itkilərlə kompensasiya olunmasına dair qiymətləndirmədir. Bu yanaşma müasir enerji iqtisadiyyatının mürəkkəb strukturunu göstərir. Yəni artıq enerji ixrac edən dövlətlərin gəlirləri yalnız neftin qiymətindən deyil, qlobal maliyyə sistemindəki dəyişikliklərdən də asılıdır.Prezidentin “Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik” fikri isə Azərbaycanın xarici siyasət modelinin mahiyyətini açır. Burada enerji ilə diplomatiya bir-birindən ayrılmaz mexanizm kimi təqdim olunur. Başqa sözlə, enerji layihələrinin uğuru yalnız iqtisadi resurslarla deyil, siyasi münasibətlər və çoxtərəfli əməkdaşlıq şəbəkəsi ilə təmin edilir.“Euronews”a müsahibə Azərbaycanın özünü beynəlxalq sistemdə necə təqdim etmək istədiyini aydın şəkildə nümayiş etdirir. Burada ölkə eyni zamanda dörd əsas funksional rolda - qlobal dialoq platforması, postmünaqişə bərpası modeli, enerji təhlükəsizliyi tərəfdaşı və regional sabitlik aktoru kimi çıxış edir. Bu dörd istiqamətin sintezi Azərbaycanın çoxvektorlu strategiyasının əsasını təşkil edir. Həmin strategiya təkcə iqtisadi və siyasi maraqların müdafiəsinə deyil, həm də beynəlxalq nüfuzun institusional şəkildə möhkəmləndirilməsinə xidmət edir",- deyə deputat bildirib.Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.