Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.
Bu barədə "Far.Az"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
İclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatı müzakirəyə təqdim edilib.
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova iclası açaraq bildirib ki, ölkədə gender bərabərliyinin təmin edilməsi sahəsində müsbət dinamika var. O, bu günlərdə ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyini, tədbirdə qadın iştirakçılığının, onların prosesə verəcəyi töhfələrin, dövlətlər qarşısında dayanan öhdəliklərin geniş müzakirə edildiyini bildirib.
H. Hüseynova gender bərabərliyinin təmin edilməsi sahəsində ölkəmizdə mühüm islahatların aparıldığını, hüquqi bazanın təkmilləşdirildiyini, o cümlədən əmək hüquqlarının qorunması, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi, habelə atalıq məzuniyyəti ilə bağlı qanunvericilikdə bir sıra əlavə və dəyişikliklərin edildiyini söyləyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunun icrası sahəsində fəaliyyət barədə illik məlumatın hazırlandığı zaman aidiyyəti dövlət qurumlarının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə gördüyü işlərlə bağlı məlumatlarından istifadə edildiyini söyləyib.
Müzakirələrin yekununda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.