AZ

ASA: İntensiv yağışların vurduğu zərərin məbləği 1 milyon manatı ötəcək

Mayın 17-də ölkə ərazisində qeydə alınan normadan artıq və intensiv yağışlar nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikanın bir çox bölgəsində baş vermiş sığorta hadisələri üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra dəymiş ümumi zərər məbləği həcminin 1 milyon manatı ötəcəyi proqnozlaşdırılır.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından məlumat verilib.

Bildirilib ki, baş vermiş sığorta hadisələri ilə bağlı 8 sığorta şirkətinə ümumilikdə 486 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 96-sı “Daşınmaz əmlakın icbari sığortası” növü, 70-i “Kasko” (“Avtonəqliyyat vasitələrinin sığortası”) sığorta növü, 32-si “Əmlakın yanğından və digər risklərdən sığortası” növü, 288-i isə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

Məlumata görə, qiymətləndirilmiş 377 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 704 min 721 manat həcmində müəyyənləşdirilib. Qalan 109 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.

Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 79 %-i Bakı və Sumqayıt şəhərlərində, 21%-i isə respublikamızın digər bölgələrində qeydə alınıb.

Xatırladaq ki, mayın 17-də ölkə ərazisində qeydə alınan normadan artıq və intensiv yağışlar nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikamızın bir çox bölgəsində müxtəlif səpkili hadisələr baş verib.

MənbəREPORT
Seçilən
13
14
banker.az

10Mənbələr