2026-cı il mayın 19-da Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı və 116 ölkədən QHT-ləri birləşdirən “Global South NGO Platform”un (GSNP) tərəfdaşlığı ilə WUF tarixində ilk dəfə “WUF13 NGO Forum” keçirilib.
Publika.az xəbər verir ki, “WUF13 NGO Forum”un açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bəyan edib ki, bu Forum WUF üçün tarixi hadisədir. O, vətəndaş cəmiyyətinin şəhərsalma məsələlərində, qərar qəbulu prosesində mühüm önəmini qeyd edib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında əməkdaşlığı təşviq etmək, effektiv dialoqu inkişaf etdirmək üçün vacib platformaya çevrildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti Qlobal Cənub və Qlobal Şimal arasında etimad quruculuğu işinə əlavə impuls verir. H.Hacıyev buna parlaq misal kimi Bakıda bir neçə gün öncə GSNP-nin Baş Assambleyasının keçirildiyini xatırladıb. Azərbaycan Prezidentinin köməkçisi Qarabağ və Şərqi Zəngəzurda mina ilə çirklənmiş, urbisid törədilmiş ərazilərdə yeni şəhərlər salındığını, həyatın yenidən dirçəldiyini vurğulayıb, Azərbaycanın öz təcrübəsini xarici tərəfdaşlarla bölüşməyə hazır olduğunu qeyd edib.
“UN-Habitat”ın sabiq icraçı direktoru Maimunah Mohd Sharif şəhərlərin gələcəyinin yalnız hökumətlər tərəfindən deyil, yerli icmalar və vətəndaş cəmiyyətinin iştirakı ilə formalaşdırılmalı olduğunu bildirib. O, QHT-lərə müraciət edərək “qlobal düşün, lokal fəaliyyət göstər və lokal tətbiq et” prinsipinin əhəmiyyətini vurğulayıb. Maimunah Mohd Sharif Azərbaycanda yüzlərlə yerli və xarici QHT-lərin bir araya gələrək şəhərsalma mövzularına maraq göstərməsini yüksək qiymətləndirib.
BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC) direktoru Dima Al-Khatib “Global South NGO Platform”u fantastik layihə adlandırıb və bu platformanın Bakıda təsis olunmasına görə Azərbaycanı təbrik edib. O, GSNP-in tərəfdaşlığı ilə keçirilən bu forumda mühüm mövzuların müzakirə edildiyini bildirib. Dima Al-Khatib qeyd edib ki, dünya əhalisinin artıq yarıdan çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu rəqəm 70%-ə çatacaq. Onun sözlərinə görə, Qlobal Cənubda şəhərlər iqlim dəyişmələri, su böhranı, miqrasiya, mənzil çatışmazlığı və infrastruktur boşluqları ilə əlaqədar təzyiqlərlə getdikcə daha çox üzləşirlər.