ain.az, Modern.az saytına istinadən bildirir.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində uşaqlar üçün “Kids Play Zone” adlı xüsusi məkan təşkil olunub.
Modern.az xəbər verir ki, “Urban Expo” ərazisində qurulan zonada uşaqlar üçün həm əyləncəli, həm də maarifləndirici fəaliyyətlər təşkil olunub.
Məkanın müxtəlif hissələrində balacalar musiqi alətlərində ifa edir, şahmat oynayır, rəsm çəkir və müxtəlif öyrədici oyunlara qatılırlar. Uşaqlar üçün olan guşələrdə yaradıcılıq, komanda işi və düşünmə bacarıqlarının inkişafına yönələn fəaliyyətlərə üstünlük verilir.
Zona daxilində şəhər mühiti, sosial ədalət, qayğı mədəniyyəti və inklüzivliklə bağlı mesajların yer aldığı xüsusi stendlər də nümayiş olunur. Burada uşaqlara sosial davranış, birlikdə yaşamaq və qarşılıqlı qayğı anlayışları oyun formatında təqdim edilir.
Bundan əlavə, uşaqlar üçün ayrılmış məkanın dizaynında rəngarəng elementlərdən istifadə olunub. İnteraktiv oyunlar və yaradıcı fəaliyyətlər gün ərzində uşaqların diqqətini cəlb edib.
Qeyd edək ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) 17-22 may tarixlərini əhatə edir. WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.











Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.