Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonun başçılıq etdiyi nümayəndə heyəti mayın 19-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.
Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.