ain.az, Azertag portalına istinadən məlumat verir.
Qax, 19 may, AZƏRTAC
Mayın 19-da Qax rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kitabın sehrinə qovuşaq!” adlı Kitab bayramı keçirilib. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə keçirilən tədbirdə kitabsevərlər, ziyalılar, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin qarşısında təşkil edilən “Heydər Əliyev-103”, “Zərifə Əliyeva-103”, “Şəhərsalma və Memarlıq İli”, “Mədəniyyət – 2040”, “Əsrləri aşan kitablar”, “Uşaq ədəbiyyatı”, “Dünya ədəbiyyatı”, “Qaxlı yazarlar” və digər mövzularda kitab sərgiləri ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova və başqaları çıxış edərək, mədəniyyətimizin hamisi kimi tanınan Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıb, bilik mənbəyi olan kitabın geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar. Bildirilib ki, kitab xalqın milli sərvətidir və bu sərvətin qorunub saxlanmasında, nəsildən-nəslə çatdırılmasında, cəmiyyətin intellektual və mənəvi potensialının artırılmasında kitabxanalar əvəzsiz rol oynayır. Azərbaycan qədim dövrlərdən başlayaraq yüksək kitab mədəniyyəti ilə seçilib, zəngin kitabxanaları ilə tanınıb.
Sonra Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Kitab bayramı rayon Mədəniyyət Mərkəzinin və Uşaq İncəsənət Məktəbinin hazırladığı konsert proqramı ilə davam edib.
Müxbir – Mustafa Dadaşov















Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.