AZ

WUF13 çərçivəsində “D8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu” adlı tədbir keçirilib

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "D8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu" adlı tədbir baş tutub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, energetika naziri Pərviz Şahbazov, D8 təşkilatının Baş katibi, səfir Sohail Mahmood, eləcə də müxtəlif ölkələrdən olan yüksəkvəzifəli rəsmilər iştirak edərək çıxışlar ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycanın WUF13-ə uğurla ev sahibliyi etməsi COP29-dan sonra ölkənin növbəti mühüm beynəlxalq uğurlarından biridir və bu, Azərbaycanın qlobal şəhərsalma, iqlim və dayanıqlı inkişaf gündəliyində artan rolunu nümayiş etdirir.

Tədbir çərçivəsində urbanizasiya, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, yaşıl enerji keçidi və dayanıqlı şəhər inkişafı ilə bağlı aktual məsələlər geniş müzakirə olunub.

Qeyd edilib ki, hazırda şəhərlər qlobal enerji istehlakının və istixana qazı emissiyalarının böyük hissəsini formalaşdırdığı üçün enerji siyasəti ilə şəhərsalma strategiyalarının uzlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan yaşıl şəhərlər, enerji səmərəli binalar, ağıllı nəqliyyat sistemləri və bərpa olunan enerji infrastrukturlarının inkişafı əsas prioritetlərdən biri kimi qiymətləndirilib.

Çıxış edən rəsmilər Azərbaycanın yaşıl enerji strategiyası və dayanıqlı şəhər inkişafı istiqamətində həyata keçirdiyi layihələrə də toxunublar.

Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işlərinin "yaşıl enerji zonası" və "ağıllı şəhər" konsepsiyası əsasında həyata keçirildiyi vurğulanıb. Bildirilib ki, həmin ərazilərdə bərpa olunan enerji mənbələri, rəqəmsal idarəetmə sistemləri, ekoloji nəqliyyat infrastrukturu və enerji səmərəli yaşayış məntəqələrinin yaradılması istiqamətində genişmiqyaslı layihələr icra olunur.

Tədbirdə həmçinin D8 ölkələri arasında enerji səmərəliliyi, təmiz texnologiyalar, dayanıqlı mənzil siyasəti və iqlim dayanıqlılığı sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub. Bakı şəhərində yaradılması nəzərdə tutulan D8 Enerji və İqlim Mərkəzinin regional əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynaya biləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Seçilən
16
day.az

1Mənbələr