AZ

Rəsul Çunayev atası ilə bağlı maraqlı xatirəni bölüşdü: "O cümləni əzbərləmişdi"

Tanınmış güləşçi Rəsul Çunayev atası ilə bağlı maraqlı və gülməli bir xatirəni bölüşüb.

İdmançı bildirib ki, I Avropa Oyunlarında qələbə qazandıqdan sonra Olimpiya Komitəsinin inzibati binasında "Zəfər günləri" tədbiri təşkil olunub və burada çempionların ailə üzvləri də iştirak edib.

Onun sözlərinə görə, həmin gün media nümayəndələri idmançıların valideynlərindən müsahibələr alırdı. Atasının danışmağı sevmədiyini deyən güləşçi maraqlı bir vəziyyəti belə xatırlayıb:

"Anamın danışmaqla arası yaxşıdır, fikirlərini ifadə edə bilir. Amma atam danışmağı heç sevmir. Müəllimim İsmayıl müəllim atama dedi ki, sənə sual verəndə 'mənim sevincimin həddi-hüdudu yoxdur' deyərsən. Biz də gördük ki, nə qədər müsahibə veribsə, atam hamısında eyni cümləni deyib: 'mənim sevincimin həddi-hüdudu yoxdur'. Başqa heç nə deməyib, o cümləni əzbərləyib". İdmançı bu hadisənin ailə arasında gülüşlə xatırlandığını bildirib.

Qeyd edək ki, Rəsul Çunayev yunan-Roma güləşi üzrə Azərbaycanın tanınmış idmançılarından biridir. O, dünya və Avropa çempionatlarının mükafatçısı olmaqla yanaşı, bir sıra beynəlxalq turnirlərdə də uğurlu nəticələr əldə edib./milli.az/

Seçilən
21
2
musavat.com

3Mənbələr