Yeniazerbaycan saytından alınan məlumata görə, ain.az bildirir.
Həyat bəzən bizə elə anlar bəxş edir ki, zamanın necə axdığını unudur, sadəcə o anın enerjisinə təslim oluruq. Qarabağ Universitetində Azərbaycan kinosunun və teatrının əfsanəsi Fəxrəddin Manafovla keçirilən görüş məhz belə bir unudulmaz tarixə çevrildi. Bu görüş mənim üçün sənətini sevdiyim bir sənətkarla görüşdən ziyadə peşəmlə duyğularımın qovuşduğu bir sınaq meydanı oldu.
Hər şey ustad aktyorun zala verdiyi o qəfil sualla başladı:
"Aranızda həyatında heç oyun oynamayan var?"
Bütün zal sükuta qərq olarkən ən arxa sıradan tək bir əl qalxdı yuxarı - mənim əlim. O an səmimiyyətim bəlkə də onun diqqətini çəkdi. Ardınca gələn "Dünyaya göz açanda ilk kimi görmüsən?" sualına anamın sözünə görə "həkimi" deyə cavab verəndə Fəxrəddin müəllim zarafatla "Ola bilməz, anana zəng et, gəl yanıma" dedi. Bəlkə də bu anın özü elə taleyin oyunu idi. Belə ki, akt zalı aşağı mərtəbədə olduğu üçün telefon zəngini alındıra bilmədik. Ustadın "Bəxtin gətirdi, keç otur" sözünə qarşı içimdəki o jurnalist inadı dilləndi: "Çıxanda zəng edərik..."
Zalda bu dəfə gülüş səsləri ucaldı, hamı bu mənzərəni seyr edir, nə olduğunu anlamağa çalışırdı.
Bir az sonra əlimdə kamera onu çəkdiyimi görəndə baxışlarımız yenidən toqquşdu. "Peşəm jurnalistdir" dediyimdə xarakterik təbəssümü ilə "Bunu bayaqdan desənə!" deyə pıçıldadı.
Müzakirə dərinləşdikdə Fəxrəddin müəllim zala müraciətlə, "Bu oyun oynamayan qızdan başqa hamı həyatında oyun oynayıb" deyə fikir yürütdü. Tam o anda zalın aşağı tərəfindən rektorumuz Şahin müəllimin nidası ucaldı: "Bəlkə elə az öncəkilər də bir oyun idi?"
Sual havada asılı qalmadı. Yuxarı başdan, içimdən gələn o ani cəsarətlə cavab verdim:
"Bəlkə də sizə daha yaxın olmaq üçün oynadım bu oyunu..."
Bu cümlə sanki salondakı bütün rəsmiyyəti əritdi. Fəxrəddin Manafov aşağıda qollarını mənə tərəf açdı: "Gəl!". Həyəcanın və sevincin qarışığı ilə pilləkənləri iki-iki düşüb yanına qaçdım. Yaxınlaşanda dayandırdı məni: "Niyə mənə yaxın olmaq istədiyini de". Auditoriyadan icazə alıb, illərdir içimdə daşıdığım o qırğınlıq dolu peşmanlığı bölüşdüm:
“İllər öncə ustad aktyorumuz Rasim Balayevdən müsahibə almaq istəmişdim. (Fəxrəddin müəllim onun adını eşidəndə böyük bir ehtiramla salonu bir dəqiqəlik sükuta dəvət etdi, onu andıq). Zamanında o müsahibə alınmamışdı. Rasim müəllim mənə "Mən bütün suallara cavab vermişəm, yeni bir sual yoxdur, əgər varsa, (istehza ilə) tap, gəl" deyəndə incimiş, qırılmış və geri çəkilmişdim. Bir sözlə, vazkeçmişdim... İndi isə o vazkeçişin peşmanlığını yaşayıram. Çünki insan sevdiyi insanların, işlərin ardınca sonuna qədər getməli, onlara həyatdaykən sarılmalıdır. İndi isə qarşımda həmsöhbət olmağı ən çox arzuladığım iki nəfərdən biri dayanıb, o sizsiniz. Olarmı illər əvvəl Rasim Balayevə verə bilmədiyim həmin sualı sizə verim?"
Fəxrəddin Manafov Əlini ürəyinə qoydu, kövrək səs tonu ilə: "Mən bundan qürur duyaram".
Gözlərim dolmuşdu. Qarşımda dayanan ustad sanki o an həm də Rasim Balayevin obrazı idi. Və içimdəki o sualı verdim:
"İnsan həyatda hər şeyi idarə edə bilir, amma bir şey var ki, o insanı idarə edir. Bu insanın hissləri, duyğuları, emosiyalarıdır. Mənə maraqlıdır, səhnədə bütün duyğuları peşəkarcasına idarə edən Fəxrəddin Manafov şəxsi həyatında da bunu bacarırmı?"
Ustad dayandı. Gözlərindəki ifadə dəyişdi. "Çox təsirli sualdır" deyib mənə sarıldı...
O an zaldan bu duyğuları müşayiət edən gur alqış sədaları sadəcə bir jurnalistin öz müsahibi ilə səmimi söhbətinə yox, iki insanın - səhnənin nəhəngi ilə bir gəncin ruhən qucaqlaşmasına verilən ən gözəl cavab idi. Peşmanlıqların ardınca gələn bu möhtəşəm an, mənə bir daha sübut etdi: Həyatda heç vaxt vaz keçmək olmaz. Xüsusən də sevdiyiniz insanların və arzularınızın ardınca getməkdən.
Bu səmimi qucaqlaşmadan sonra yenidən yerimə keçdim. Fəxrəddin müəllim sualıma dərindən, hər bir kəlməsini sənətkar süzgəcindən keçirərək cavab verməyə başladı. Emosiyaların o gizli dərinliklərini elə ustadcasına izah etdi, bir peşəkarın o hissləri səhnədə necə idarə etdiyini elə bədiiliklə danışdı ki, bütün salon heyranlıqla sadəcə onu dinləyirdi.
Görüşün davamında bəzi tələbələr gələcəkdə aktyor olmaq istədiklərini dedilər və onlara hansı rolların uyğun gələcəyini soruşdular. Ustad rolları və xarakterləri bölüşdürərkən gözləri yenidən məni axtardı. Zala müraciətlə gülümsəyərək dedi:
"Məsələn, o jurnalist xanıma tam inqilabi bir rol uyğun gələr. Çünki o, az öncə burada, hamımızın gözü qarşısında böyük bir inqilab etdi..."
Bu sözlər içimdəki peşə eşqini daha da alovlandırdı. Bir az sonra ona daha yaxın olmaq, hər bir jestini, nitqinin hər bir nüanısını daha yaxından hiss etmək üçün aşağı sıralarda boş qalan yerlərdən birinə keçdim. Görüşün sonlarına yaxın Fəxrəddin müəllim zala baxıb məni əvvəlki yerimdə görməyəndə elə bildi ki, salondan çıxıb getmişəm. Səhnədən narahat bir səslə soruşdu:
"Oyun oynamayan xanım haradadır?"
Aşağı sıradan əlimi qaldırıb, "Buradayam" dedim. Üzündə rahatlıq və səmimi bir təəssüf qarışığı yarandı: "Elə bildim getmisən, çox pis oldum..."
Mən isə gülümsəyərək pıçıldadım: "Getmərəm..." Çünki sənətin və belə bir ustadın sehrinə düşmüş bir jurnalist o salondan necə çıxıb gedə bilərdi?
Günün ən böyük mükafatı hələ qarşıda idi. Görüşün sonunda ustadla üz-üzə dayanıb, onunla müsahibə etmək şərəfinə nail oldum. Bu, sadəcə sual-cavab deyil, Xankəndinin havasını, ruhunu və gələcəyini hiss etdirən bir könül söhbəti idi. Fəxrəddin müəllim Xankəndidən elə bir sevgi ilə danışdı ki... Burada yeni uşaqların doğulmasından, onların bu torpaqlarda ilk addımlarını atıb məktəbə başlayacaqlarından bəhs etdi. "Onlar əslən Xankəndili olacaqlar" dedi, gözləri parıldayaraq.
Sonra qəfil mənə tərəf çevrilib soruşdu: "Siz də xankəndilisiniz?"
Qürurla cavab verdim:
"Ağdamlıyam. Amma indi özümü tam buralı, xankəndili kimi hiss edirəm..."
Bax belə, müsahibəmiz duyğulu, kövrək notlarla yekunlaşdı. O an anladım ki, mən illər öncə bir müsahibədən vaz keçməklə bəlkə də qırılmışdım, amma bu gün Xankəndidə, Fəxrəddin Manafovun qarşısında taleyim mənə unuda bilməyəcəyim bir peşə dərsi verdi: Həyat sənə aid olanı gec-tez qaytarır. Yetər ki, istəklərinin ardınca getməkdən vaz keçməyəsən...Günel Abbas
Qarabağ Universitetinin əməkdaşı
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.