Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Qahirə, 19 may, AZƏRTAC
İsrail ordusu Livanın cənubunda yerləşən 12 kənd və qəsəbənin dərhal təxliyəsinə çağırıb.
AZƏRTAC xəbər verir ki, İsrail ordusunun yaydığı bəyanatda təxliyə çağırışının “Hizbullah” hərəkatının atəşkəs razılaşmasını pozması ilə əlaqədar olduğu bildirilib. Bəyanatda vurğulanıb ki, İsrail ordusu buna qarşı güclü tədbirlər görməyə məcburdur və sakinlərdən evlərini dərhal tərk etmələri tələb olunur.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubunda “Hizbullah”ın mövqelərinə endirdiyi hava zərbələri nəticəsində 6 nəfər həlak olub.
Nazirliyin açıqlamasında bildirilib ki, Nəbatiyyə vilayətinin Kəfr Sir kəndinə hava hücumu nəticəsində 4 mülki şəxs həyatını itirib. Haruf qəsəbəsində isə 1 nəfər ölüb.
Bundan əlavə, Frun bölgəsində İsrailə məxsus pilotsuz uçuş aparatının motosikleti hədəfə alması nəticəsində daha 1 nəfərin öldüyü deyilir, həmin şəxsin “Hizbullah”ın üzvü olduğu ehtimal edilir.
Məlumata görə, İsrail hərbi aviasiyası Livanın hava məkanında uçuşlarını davam etdirir və quru hədəflərinə zərbələr endirir. Səhər saatlarında Dəbin, Zəbkin, Kəfra, Məcdəl Səlim və Şəhəbiyyə yaşayış məntəqələri bombardmana məruz qalıb. Həmin ərazilərin sakinlərinə hücumlardan əvvəl İsrail ordusu tərəfindən təxliyə xəbərdarlığı edildiyi bildirilir.
Qeyd edək ki, Livan Səhiyyə Nazirliyi ötən gün yaydığı hesabatda martın 2-dən etibarən davam edən hərbi eskalasiya nəticəsində ölənlərin sayının 3020 nəfərə, yaralananların sayının isə 9273 nəfərə çatdığını açıqlamışdı.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.