Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Prezident Administrasiyasında qəbul olunub.
Bu barədə məlumatı Musavat.com saytına partiya sədri özü verib.
Fərəc Quliyev bildirib ki, mayın 19-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə keçirilən görüşdə ölkədə aparılan iqtidar-müxalifət siyasi dialoqu və bunun nəticəsində formalaşan milli-siyasi birliyin əhəmiyyəti geniş müzakirə olunub.
Görüş zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən siyasi dialoq mühitinin ölkədə sabitliyə və milli həmrəyliyə xidmət etdiyi xüsusi vurğulanıb.
Tərəflər regionda baş verən son proseslər, Azərbaycanın əldə etdiyi geosiyasi uğurlar və Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsinin ölkənin beynəlxalq nüfuzunun göstəricisi olması barədə fikir mübadiləsi aparıblar.
Fərəc Quliyev qeyd edib ki, Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın Qərbin aparıcı dövlətləri ilə münasibətləri daha da möhkəmlənib, ölkənin regionun və Avropanın enerji təhlükəsizliyində rolu əhəmiyyətli dərəcədə artıb.
Partiya sədri belə bir mərhələdə dövlətin daha da güclənməsi naminə ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələrin milli birlik nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramının icrası və doğma torpaqlarına qayıdan vətəndaşlar üçün yaradılan şərait də yüksək qiymətləndirilib.
Fərəc Quliyev Azərbaycanın uğurlarını qəbul edə bilməyən və antimilli fəaliyyət aparan radikal dairələrin fəaliyyətini də tənqid edib.
Musavat.com