AZ

İşğaldan azad edilmiş ərazilərdə müasir və dayanıqlı yaşayış modeli formalaşdırılır - Elçin Yusubov

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Münaqişədən sonra şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda panel çıxışı zamanı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, o bildirib ki, uzun illər işğal altında qalmış ərazilərdə mövcud infrastruktur, xüsusilə yol və kommunikasiya şəbəkələri tamamilə yararsız vəziyyətə salınıb, yaşayış məntəqələri dağıdılıb, sosial və mühəndis infrastrukturu məhv edilib.

E. Yusubov qeyd edib ki, işğaldan azad olunduqdan sonra bölgədə həyata keçirilən ilk və prioritet layihələrdən biri müasir və genişzolaqlı yol şəbəkələrinin qurulması olub. Hazırda Xankəndi şəhərini, Ağdərə və Xocalı rayonlarını ölkənin digər əraziləri ilə birləşdirən yeni avtomobil yollarının tikintisi davam etdirilir. Bu layihələr bölgənin iqtisadi inkişafına, logistik imkanlarının genişlənməsinə və reinteqrasiya prosesinin sürətlənməsinə mühüm töhfə verir. Diqqətə çatdırılıb ki, mürəkkəb relyefə malik ərazilərdə həyata keçirilən yol layihələri müasir mühəndis həllərini əhatə edir və nəticədə yaşayış məntəqələri arasında məsafələrin qısaldılması, təhlükəsiz və rahat gediş-gəlişin təmini mümkün olur.

E.Yusubov nəqliyyat infrastrukturunun mühüm hissəsi olan dəmir yolu xətlərinin də bərpasının prioritet istiqamətlərdən biri olduğunu bildirib. Hazırda bərpa edilən 28 kilometrlik Ağdam–Xankəndi dəmir yolu xətti vaxtilə Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmişdi. İşğal dövründə isə bu xətt tamamilə dağıdılıb, relslər sökülərək aparılıb. Hazırda dəmir yolu müasir standartlara uyğun şəkildə yenidən qurulur və sürət qatarlarının hərəkətinə imkan verəcək.

Çıxış zamanı “Xankəndi dəmir yolu və avtovağzal kompleksi”nin tikintisi, eləcə də Xankəndi ilə Şuşa şəhərləri arasında layihələndirilən kanat xətti barədə də məlumat verilib. Bildirilib ki, ekoloji təmiz nəqliyyat növü olan bu layihələr bölgədə turizmin inkişafına da mühüm töhfə verəcək.Xüsusi nümayəndə enerji infrastrukturunun yenilənməsi istiqamətində görülən işlərə də toxunaraq bildirib ki, sovet dövründən qalma köhnə enerji sistemləri ciddi enerji itkilərinə səbəb olurdu. Hazırda isə yaşayış məntəqələrinə gedən elektrik xətləri yenilənir, yeni transformator stansiyaları və rəqəmsal idarəetmə mərkəzləri yaradılır. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, Prezidentin müəyyən etdiyi strateji baxışa uyğun olaraq işğaldan azad edilmiş ərazilər “Yaşıl enerji konsepsiyası” əsasında bərpa edilir. Bu çərçivədə bölgənin zəngin hidroenerji potensialından istifadə olunur, su elektrik stansiyaları tikilir və hazırda ərazilərin enerji təminatı tam şəkildə bərpa olunan enerji mənbələri hesabına həyata keçirilir. Tədbirdə yaşayış məntəqələrinin bərpası, sosial infrastrukturun yaradılması, dağıdılmış dini və tarixi abidələrin yenidən qurulması istiqamətində görülən işlər barədə də məlumat verilib. Bildirilib ki, yeni yaşayış kompleksləri müasir şəhərsalma və memarlıq prinsiplərinə uyğun şəkildə inşa olunur, təhsil, səhiyyə və digər xidmət infrastrukturu yaradılır.

Elçin Yusubov qeyd edib ki, dayanıqlı məskunlaşmanın təmin olunmasında təhsil və səhiyyə infrastrukturu xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Qarabağ Universitetinin fəaliyyəti regionun təhsil və elmi potensialının inkişafında mühüm rol oynayır. Universitetin müasir standartlara uyğun şəkildə bərpa olunduğu, ən son tədris avadanlıqları ilə təchiz edildiyi diqqətə çatdırılıb. Çıxışda vurğulanıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bütün layihələr təkcə fiziki infrastrukturun deyil, həm də sosial rifahın, iqtisadi dayanıqlığın və milli-mənəvi dəyərlərin bərpasına xidmət edir.

Seçilən
1
3
qaziler.az

4Mənbələr