"Azərbaycanda orta temperaturda artım müşahidə olunur" - Muxtar Babayev
Ümumdünya Meteorologiya Təşkilatının məlumatına əsasən, dünya son dövrlərin ən isti günlərini yaşayır.
aia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev WUF13 çərçivəsində "Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər" mövzusunda keçirilən tədbirdə video formatda çıxışında bildirib.
Onun sözlərinə görə, COP29-da iqlim maliyyəsi və adaptasiya kimi mühüm məsələlər müzakirə olunub:
"WUF13 isə şəhərlərin dayanıqlı inkişafı üçün vacib bir platformadır. İqlim dəyişikliyi dünyanın hər yerində şəhərlərə ciddi təsir göstərir və bir çox hallarda hadisələrin proqnozlaşdırılmasını çətinləşdirir. Təbii fəlakətlər infrastruktura və milyonlarla insanın həyatına təsir edir. Erkən xəbərdarlıq sistemləri kritik infrastrukturun zədələnməsinin qarşısını almaqda mühüm rol oynayır və bu sistemlər itkilərin təxminən 30%-ə qədər azalmasına kömək edə bilər. Eyni zamanda, həssas qrupların həyatına təsirlərin azaldılmasında xüsusi əhəmiyyət daşıyır.
Lakin kommunikasiya baryerləri və maliyyə məhdudiyyətləri burada əsas problemlərdən biri olaraq qalır. Bu səbəbdən özəl sektor və dövlət arasında tərəfdaşlıq xüsusilə vacibdir. Azərbaycanda son 25 il ərzində orta temperaturda artım tendensiyası müşahidə olunur, kəskin isti günlər və quraqlıq hallarının sayı isə əhəmiyyətli dərəcədə artıb. İqlimə dayanıqlı şəhərlər şəhərsalma planlaşdırılmasının əsas elementi olmalıdır. Bu proses vahid və koordinasiyalı yanaşma tələb edir. Heç bir ölkə bu çağırışlarla təkbaşına mübarizə apara bilməz. Azərbaycan isə bu istiqamətdə dialoq və beynəlxalq əməkdaşlığa fəal şəkildə töhfə verir".
aia.az